“Sabah”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Aleksey İsayev “championat.com” saytına geniş müsahibə verib.
Futbolinfo.az xəbər verir ki, Rusiya əsilli futbolçu uşaqlıq arzusu olan Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmalarından danışıb.
– “Sabah”ın “Hapoel”lə oyunu əsl dəlilik idi?
– Həqiqətən də, dəli-dolu oyun idi! Matçın gedişində 0:1 və 1:2 hesabı ilə geridə idik. “Hapoel” yaxşı komandadır, son üç ildə ikinci dəfə pley-off mərhələsində oynayırdı. Onların təcrübəsi daha çox idi. Bizi də analiz etmişdilər. Riskli hücum futbolu oynamağı sevirik və buna görə bir qədər cəzalandıq. Amma problem olmadı, işi sona çatdırdıq. Bilmirəm niyə, amma meydana ehtiyat oyunçular skamyasından daxil olanda hər şeyin yaxşı olacağına əmin idim. Komandadakı hər bir oyunçuya inanırdım. Heç bir şübhəm yox idi ki, onları sonda sıxışdırıb nəticəni öz xeyrimizə dəyişəcəyik.
– Amma razılaş ki, ikinci qolu çox gülməli şəkildə buraxdınız.
– Matçdan sonra bununla bağlı zarafatlaşırdıq. Mənim üçün Stas Pokatilov Qazaxıstan futbolunun əfsanəsidir. O, uğurumuzda çox böyük rol oynayıb. Belə məqamlar bəzən qarışıqlıq zamanı baş verir. Lepinitsa ilə Stas bir-birlərini düzgün anlamadılar və nəticədə kuryoz qol alındı. Birinci qol da əslində heç nədən oldu. Bizim oyun üslubumuz risklə bağlıdır. Məşqlərdə daha çox işləməli, keyfiyyətimizi artırmalıyıq. Bu, normaldır. Komanda işi həm də ondan ibarətdir ki, tərəfdaşının səhvini birlikdə düzəldəsən. Futbolun gözəlliyi də bundadır: burada həmişə komanda qalib gəlir — əgər sən Messi deyilsənsə…
– Ssenari baxımından bu, karyerandakı ən çılğın oyun idi?
– Hələlik, bəli. Əlavə edilmiş dördüncü dəqiqədə qol vuranda sanki hər şey yavaş çəkilişdə baş verirdi. Videoda da görünür ki, mən hamı kimi dəli kimi sevinməyə qaçmıram. Uşaqlar qaçdılar, mən isə sanki donub qalmışdım. Elə bil gerçək həyatda yuxu görürdüm. Həmin qol bizə əlavə güc verdi. Əlavə vaxtda standart vəziyyətdən topu cərimə meydançasına göndərəndə uzaqdan mənə elə gəldi ki, Orfe Mbina topu qapıdan kənara vurdu. Sonra baxıram ki, hamı qaçır, mən isə nə baş verdiyini anlamıram. Cəmi 15 dəqiqə ərzində iki dəfə sanki dünya gözlərimin qarşısında dayandı. Yalan demirəm! Final fitindən sonra isə rahatlıq və göz yaşları gəldi. Özümə söz vermişdim ki, Çempionlar Liqasında oynayacağam. İki il bu məqsədə doğru getdim. Və nəhayət, buradayam!
– Sən həm də qoldan əvvəlki hücumda iştirak etmisən?
– Bəli, ikinci hissədə də topu Orfeyə ötürdüm, o isə Umarali Rahmonaliyevə verdi və o, topu tora göndərdi. Oyunun sonlarında Mikelsə ötürmə verdim, o da vəziyyəti həll etdi. Müasir futbolda buna da assist yazırlar. Beləliklə, iki məhsuldar və bir qoldan əvvəlki ötürməm oldu. Uşaqlar zarafatla deyirlər ki, sən hokkeyçi olsaydın, NHL-də oynayardın. Hücumlar qurmağı sevirəm, bu mənə xoşdur. Ona görə də qoldan əvvəlki ötürmələrim çox olur.
– Bundan əvvəl keçirilən 7 oyunda start heyətində başlamışdın. Niyə çərşənbə axşamı sonradan meydana daxil oldun?
– Oyundan əvvəl məşqçi mənə yaxınlaşıb dedi: “Onlar bizi diqqətlə analiz ediblər. İlk dəqiqələrdən sürətli, çox qaçan futbolçuları meydana buraxacağıq ki, onları yoraq. Sən isə mənə ikinci hissədə, “Hapoel” yorulub gücdən düşəndə lazım olacaqsan”. Məşqçinin qərarını normal qarşıladım və sonda bu addım özünü doğrultdu. Uşaqlar onları həqiqətən də çox yordular. Mən və Abdulla Xaybulayev meydana çıxanda dərhal hiss etdik ki, sürətdə bizə uduzurlar. Abdulla onların futbolçusuna ikinci sarı vərəqəni aldırdı, mən isə cərimə zərbəsindən topu cərimə meydançasına göndərdim və qol vurduq.

– Məşqçinin planı işə yaradı?
– Yüz faiz! Bu taktiki gedişdə üstünlük bizdə oldu.
– Azarkeşlər oyunun sonunda böyük coşğu yaşayırdılar?
– Aman, nə səs-küy vardı! Teymur Mütəllimov iki oyunun ümumi hesabını bərabərləşdirəndə tribunada ağlasığmaz mənzərə yaranmışdı. Bir anda ölkədə hamı “Sabah” azarkeşinə çevrildi (gülür).
– Bəs oyundan sonra nə baş verirdi?
– Əsl ajiotaj idi! Soyunub-geyinmə otağında müxtəlif mahnılar səslənirdi – rusca, fransızca. Bayram edirdik, oxuyur, rəqs edirdik. Mən “Ruki Vverx!” qrupunun mahnısını qoşdum. Bu, mənim Krasnoyarskdakı uşaqlığımdan qalan mahnıdır. Hətta bizim fransızlar bir kəlmə də başa düşmədən mahnıya qoşulmuşdular.
– Azərbaycanda böyük qələbələrdən sonra ikiqat, üçqat mükafat istəmək adətdir?
– Adətdir, amma hələ bu barədə danışmamışıq. Düzünü desəm, buna vaxt yox idi. Sadəcə dincəlir və sevinirdik. Klubumuzun gələn il cəmi 10 yaşı tamam olacaq, amma biz artıq belə bir zirvəyə qalxmışıq! Mükafat məsələsinə gəlincə, düşünürəm ki, buna sonradan qayıdacağıq.
– Gecə necə keçdi?
– Yuxusuz. Adrenalin həddindən artıq idi, ayaqlarım da ağrıyırdı — axı artıq 20 yaşım yoxdur. Bütün ailə yatmışdı, mən isə oyunun icmalına baxır, xəbərləri oxuyurdum. Səhər təxminən saat 08:30-da telefon əlimdə yuxuya getdim. Amma cəmi üç saat sonra uşaqlar məni oyatdılar.
– İki uşağın var?
– Hələlik ikidir: qızımın 6, oğlumun isə 5 yaşı var. Dekabrda üçüncü övladımızı – daha bir qızı gözləyirik.
– Tarixi yenidən yazdığınızı hiss edirsiniz?
– Daha çox “Sabah”ın tarixini yazdığımızı deyərdim. Hər klubun öz tarixi var. Hər şey nağıl kimi alındı: mən ağır bud-çanaq zədəsindən sonra “Sabah”a qayıtdım və həm çempionluğu, həm də kuboku qazandıq! Çempionlar Liqasından əvvəl də heç kim bizə inanmırdı. Deyirdilər ki, ilk mərhələdə, uzağı ikinci mərhələdə mübarizəni dayandıracağıq. Amma əksini sübut etdik — Finlandiya, Danimarka, indi də İsrail çempionlarını mübarizədən kənarlaşdırdıq.
– Rusiyadan səni təbrik edənlər oldumu?
– Murad Musayev, Andrey Lunyov təbrik etdilər. “Zenit”də Andreylə yollarımız kəsişməmişdi, amma “Qarabağ”da keçirdiyimiz yarım il ərzində yaxşı dostlaşdıq. Murad Musayev əsas mərhələdə bizə uğurlar arzuladı və bütün tanışlara salam göndərdi. “Sabah”da hamı Musayevi sevir və qiymətləndirir. Mən də onun futbolçu və insan kimi inkişafımda böyük rol oynadığını bir daha vurğulayaraq təşəkkür etdim.
– “Qarabağ”dan səni təbrik edən oldumu?

– Əlbəttə. Yaxşı dostlarım Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov və Mateus Silva məni təbrik etdilər. Hazırda “Axmat”da çıxış edən Romao da yazdı. Azərbaycan millisinin baş məşqçisi də zəng etdi. Hörmət etdiyin və dəyər verdiyin insanların səni təbrik etməsi çox xoşdur.
– Braziliyalı müdafiəçi Noqeyra yəqin indi “Rostov”a keçdiyinə peşmandır?
– Bilmirəm, peşmandır, ya yox, amma bizə onun yeri görünürdü. İqor yaxşı futbolçu və yaxşı insandır. Belə oyunçular klubdan gedəndə adam bir qədər təəssüflənir. Hamı anlayır ki, Rusiya Premyer Liqasında maliyyə şərtləri Azərbaycan çempionatı ilə müqayisədə daha yaxşıdır.
– Siz ötən il “Qarabağ”ın etdiyi uğuru tam olaraq təkrarladınız…
– Belə də demək olar. Artıq iki ildir ki, Azərbaycan klubları Çempionlar Liqasının əsas mərhələsinə yüksəlir.
– Bir il əvvəl Çempionlar Liqasından sözün əsl mənasında bir addımlıq məsafədə dayanmışdın. “Qarabağ”a qarşı incikliyin var idi?
– Düzünü desəm, daha çox əsəb və qəzəb vardı. Axı xatırlayırsınız, o vaxt demişdim ki, indi bərpa olunacağam və Çempionlar Liqasında Sibir ilə Azərbaycanı təmsil edəcəyəm. Təəssüf ki, “Qarabağ” məni heyətə daxil etmədi. Bundan sonra yenidən “Sabah”a qayıtdım. Amma indi artıq bütün mənfi hissləri arxada qoymuşam. “Qarabağ”da çoxlu dostum, yoldaşım qalıb. Necə onlara azarkeşlik etməyim? Onlar da mənim üçün narahat olur, Avropadakı uğurlarımıza sevinirlər. Hətta “Qarabağ”la “Sabah”ın oyunlarından sonra da keçmiş komanda yoldaşlarımın mənə isti münasibətini hiss edirdim. Düşünürəm ki, bir az da mənim üçün darıxırlar (gülümsəyir).
– “Qarabağ” “Benfika” və “Kopenhagen”i məğlub edəndə, “Çelsi”dən xal alanda ziddiyyətli hisslər keçirirdin?
– Artıq hər şeyi sakit qarşılayırdım. Öz üzərimdə işləməli idim. Axı heç kim mənim bərpa olunacağıma zəmanət vermirdi. Deyirdilər ki, belə zədələrdən sonra futbolçular geri qayıtmırlar. Amma mən dayanmaq fikrində deyildim.
– “Mən də orada olmalı idim” fikri heç ağlına gəlmirdi?
– Artıq belə fikirlər yox idi. Amma çempionatda “Qarabağ”la oyuna xüsusi motivasiya ilə çıxmışdım. İlk növbədə özümə sübut etmək istəyirdim ki, həmin səviyyəyə layiqəm.
– Açığı, yayda “Sabah”a qayıdanda Çempionlar Liqası arzunla daxilən vidalaşmışdın?
– Elə deyildi, sadəcə bu barədə düşünmürdüm. Axı “Sabah” heç vaxt ölkə çempionu olmamışdı. Yalnız yaxşı dostum və menecerim Qvanzav Maqomedov mənə deyirdi: “Görəcəksən, hər şey alınacaq və istədiyin kimi olacaq”. Mən inanmırdım, amma Qvanz haqlı çıxdı: həm çempion olduq, həm də kuboku qazandıq. Çempionlar Liqasına yüksələcəyimizi də o, bizə əvvəlcədən demişdi.
– Bəlkə “Sabah”ın məhz sənə ehtiyacı var imiş?
– Yəqin ki, əksinə, mən bu uşaqların sayəsində yenidən çiçəkləndim! Ayrı-ayrılıqda “Sabah”ın rəhbərliyinə təşəkkür etmək istəyirəm. Mənə doğma insan kimi yanaşır və hər zaman kömək edirlər. Ən çətin anlarımda klubun prezidenti Maksud Adıgözəlov həmişə yanımda olub. O, artıq mənim üçün ikinci ata kimidir və mən ona hər zaman hər şey üçün minnətdar olacağam. Allah ona can sağlığı və uzun ömür versin.
– “Sabah” necə oldu ki, “qızıl dubl” etdi?
– Əzmkar və koordinasiyalı iş sayəsində. Bir-birinə bağlı kollektivimiz var. Hücum futbolu oynayırıq. Bütün mövqelərdə peşəkar və keyfiyyətli futbolçularımız var.
– “Sabah”da 36 oyunda 3 qol və 14 məhsuldar ötürmən var. “Qarabağ”da isə 50-yə yaxın matçda cəmi bir qol vurmusan. Bunu nə ilə izah edərdin?
– Mən elə futbolçuyam ki, azadlığı sevirəm. Məni müəyyən çərçivələrə salanda xoşuma gəlmir. Özümü sərbəst hiss edəndə tamam fərqli oynayıram. Mənə daha çox yaradıcılıq, hücumların qurulması yaxındır. Sevimli mövqeyim “10 nömrə” ilə “8 nömrə” arasında olan bir mövqedir. “Qarabağ”ın özünəməxsus sistemi var, bəlkə də mən həmin sistemə uyğunlaşmadım. “Sabah”a isə sanki öz evimə qayıtmış kimi gəldim və hər şey yavaş-yavaş yoluna düşdü.
– Oxumuşam ki, Valdas Dambrauskas kifayət qədər qeyri-adi və faktiki olaraq özünü özü yetişdirmiş məşqçidir…

– Çox güclü məşqçidir. Hər gün yeni nəsə öyrənməyə çalışır. Onun yanaşması və futbola baxışı, detallara və futbolçulara diqqəti mənə çox yaxındır. Öz oyun üslubu var. Dambrauskas rəqibi təhlil edir, amma həmişə öz futbolunu oynamağa çalışır, sadəcə qarşı tərəfin xüsusiyyətlərinə uyğun kiçik düzəlişlər edir. Valdas məşqçi üçün hələ nisbətən gəncdir və düşünürəm ki, onu böyük gələcək gözləyir.
– Hansı dildə ünsiyyət qurursunuz?
– Rus və ya ingilis dilində. Hər iki dili yaxşı bilir.
– “Qarabağ”ın baş məşqçisi ilə sonradan yenidən görüşünüz olmadı?
– Keçən il “Qarabağ”la oyundan əvvəl böyük bir itki yaşadım: bacım vəfat etdi. Onkoloji xəstəlikdən əziyyət çəkirdi… Dəfn mərasimi üçün Krasnoyarska uçdum və hazırlığın iki gününü buraxdım. Oyuna qayıtdım, amma ehtiyatda qaldım. Matçdan əvvəl stadionun daxili hissəsində qarşılaşdıq. Qurban müəllim yanıma gəlib “Başın sağ olsun. Allah rəhmət eləsin”, – dedi. Bu insana qarşı yalnız hörmətim var.
– Doğma bacınız idi?
– Bəli, məndən böyük idi. Svetlana ağır xəstə idi. İki il ona kömək etməyə çalışdım, amma təəssüf ki, bacarmadım. Bu qələbəni və Çempionlar Liqasına vəsiqə qazanmağımızı ona həsr etmək istəyirəm. Əslində, məni futbola gətirən də o olub — dekabrda, 30 dərəcə şaxtada Krasnoyarskdakı idman zalına. Anam bütün həyatı boyu bizi dolandırmaq üçün çalışıb, mənim böyüməyimdə isə bacımın böyük rolu olub. Krasnoyarskda Svetlanın övladları — 21 yaşlı qızı və 10 yaşlı oğlu yaşayır. İndi anam nəvələrinə baxır, mən də əlimdən gəldiyi qədər onlara kömək edirəm.
– Bir il əvvəl demişdiniz: “Sadəcə məqsədlərimə və arzuma doğru gedirəm. Yavaş-yavaş, addım-addım, amma mütləq çatacağam”. İndi həmin an gəlib çatdı?
– Bəli. Mən adi, soyuq Sibirin məhəlləsində böyümüş, bütün həyatı boyu Çempionlar Liqasında oynamağı arzulayan bir oğlanam. Hələ də arzumun gerçəkləşdiyinə tam inana bilmirəm.
– 30 yaşında Avropaya transfer olunmaq gec deyil?
– Əlbəttə, bu da mənim arzularımdan biridir. Amma hadisələrə realist yanaşmağa çalışıram. 30 yaşım var, Avropa pasportum da yoxdur. Məni kim transfer etsin ki?
– Yəqin ki, indi Azərbaycan pasportu ilə Avropaya getmək Rusiya pasportu ilə müqayisədə daha asandı.
– Ola bilər, haqlısınız. Amma bunun üçün milli komandada da yaxşı çıxış etmək lazımdır. Nə etmək olar, əlaqələrimizi genişləndirib nəticələrimizi yaxşılaşdırmağa çalışacağıq. Elə futbolçular var ki, 32 yaşında da top-liqalara transfer olunurlar. Düz deyil? Hər şey mümkündür.