“Qəbələ” ayıldı. Yalnız 3-cü turdan sonra rəhbərlik anladı ki, mətbuatın tənqidləri tam haqlıdır – Kaxaber Sxadadze ilə uğurlu gələcək yoxdur.

Bölgə təmsilçisi 2024-cü ilin fevralından güvəndiyi gürcü ilə xoş günlər yaşamadı. Komanda onunla I Liqaya enib geri qayıtdı, ötən mövsüm yalnız pley-offdan sonra elitada qalmağı bacardı, bu il isə ilk 3 turdan sonra asan təqvimə rəğmən hesabda yalnız 1 xal var. Ümumiyyətlə, Sxadadze baş məşqçi olduğu 56 oyunun 33-də məğlubiyyət görüb ki, bu da çox bərbad statistikadır.

Klub rəhbərliyi 2,5 il müddətində məşqçiyə hər cür səlahiyyət verdi. O, istədiyi qədər transfer etdi, heç bir arzusuna “yox” deyilmədi. Zaman Sxadadzenin məşqçi kimi tükəndiyini göstərdi. Ən pisi Kaxanın oyunçularla normal davrana bilməməsi idi ki, belədə heç kim onun qalması üçün meydanda can qoymadı. Və rəhbərlik xarakterində ciddi problemlər üzə çıxan məşqçi ilə vidalaşmağı lazım bildi.

Sxadadze təzminatını alaraq vidalaşdı, lakin onun seçdiyi oyunçular yeni məşqçinin planlarına uyğun gəlməyəcək. Deməli, o, daha bir mövsümün uğursuz alınması üçün “əlindən gələni edib”.

“Qəbələ” tezliklə komandanı toparlayacaq, oyunçuları bir məqsəd üçün birləşdirəcək məşqçi tapmalıdır. Yeni əcnəbi risk olacaq, həm də legioner məşqçi yəqin ki, tələblərlə çıxış edəcək. Halbuki bölgə təmsilçisinin indi sakitliyə, hazırkı büdcə və heyətlə normal oynamağa, ən əsası futbolçularla dil tapa biləcək məşqçiyə ehtiyacı var. Belə biri isə vaxtilə komandaya rəhbərlik edən, ölkə kubokunu qazanan Elmar Baxşıyev ola bilər. “Araz-Naxçıvan”dan ayrılandan bəri işsiz olan mütəxəssisi tezlklə “Qəbələ”də görsək təəccüblənməməliyik.

Nə olacağını zaman göstərəcək. “Qəbələ” tezliklə qərar verməli, seçimini etməlidir. Bircə o dəqiqdir ki, yenə məşqi Sxadadzedən daha yaxşı olacaq. Bu isə daha zəif olan bir neçə komandanı qabaqlayıb möhkəm ortabab olmaq üçün kifayət etməlidir.

AĞA

Shares: