Belə tur yəqin ki, bir də təkrarlanmayacaq. 6 oyuna 5 qolun vurulması, matçlardan birinin 0:0, qalanlarının sözləşilibmiş kimi 1:0 hesabı ilə bitməsi nadir görünən haldır.
Qələbə gətirən minimal hesablı qələbələrə son olaraq çempionatın favoritləri sevindi. Həm “Sabah, həm də “Qarabağ” səfər oyununda rəqibini üstələyərək itkisiz irəliləyişini davam etdirdi. Vurulan qolların sayına görə “bayquşlar”ı üstələyən ağdamlılar da – çempionlar kimi – “Neftçi”yə şərik oldu. Fərq favoritlərin bir oyun az keçirməsindədir.
Dünənki qaliblərin çətin qələbə qazanmasında avrokubokdakı oyunlar da rol oynadı. Həm “Sabah”, həm də “Qarabağ”ın yorğunluqu hiss olunurdu. Bu səbəbdən heyətdə rotasiya edilməsi də təsirsiz ötüşməmişdi.
Hətta buna rəğmən, “Araz-Naxçıvan”la “Sumqayıt” sürpriz etməyi bacarmadı. Muxtar respublika təmsilçisi heyətinə qatdığı antikvar legionerlərn sayəsində özü qapısına qol vurulmasını təşkil etdi, “kimyaçılar”sa cəmi iki gün dincələn, Konfrans Liqasının pley-offunda 120 dəqiqə mübarizə aparan ağdamlılara problem yarada bilmədi.
Doğrudur, “Sabah” son dəqiqələrdə iki xal itirə bilərdi. Amma bütün matç boyu işsiz qalan Stas Pokatilov iki epizodda bütün qüvvə ilə irəli atılan naxçıvanlıların ümidini puça çıxardı. Yalnız son 10 dəqiqədə qismən fəallaşan Cavid Hüseynovun yetirmələri həmin vaxtadək yalnız kor-koranə müdafiə olunmaqla yadda qaldı. Komanda ötən tur “Neftçi” qarşısında darmadağın olunduğu matçla müqayisədə nisbətən “diri” görünsə də, bu daha çox “Sabah”ın yorğunluğu ilə bağlı idi.
Turun bağlanış matçı da oxşar ssenaridə keçdi. Daha yorğun oan ağdamlıları Kdi Borges daha çətin vəziyyətdə qoymuşdu. Növbəti dəfə yersiz qırmızı vərəqə alan brazilyalının yoxluğunda 10 nəfərlə qol vurmağı bacaran qonaqlar bunun üçün xeyli güc sərf etdi. “Sumqayıt” ələ düşən gözəl şansdan yararlanmayınca ardıcıl ikinci ev matçında xalsız qaldı.
Kasad turdan maksimum nəticə ilə çıxanlar turnir cədvəlinin ilk “yeddiliy”ində qərarlaşıb. Onlardan üçünün bir oyun az keçirdiyini nəzərə alsaq, mövsümün startını onlar üçün yaxşı hesab etmək olar. Amma yarış hələ indi sürət götürür. Növbəti turlardan etibarən komandaların potensialı daha aydın görünəcək.
FƏRİD
