Limassol “Apollon”unun futbolçusu Giorgos Malekkidisin “Neftçi”yə transferi baş tutmayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb.
29 yaşlı sol cinah müdafiəçisi üçün klubu ilə danışıqlar uğursuz yekunlaşıb. Buna səbəb “Apollon” rəhbərliyinin Kipr millisinin üzvü qarşılığında yarım milyon avrodan yüksək məbləğ tələb etməsi olub. Bakılılar isə maksimum 350 min avro ödəmək iqtidarında olub.
“Apollon” hətta Rumıniya çempionu “Universitatea Krayova”nın təklifinə də “yox” cavabını verib. Halbuki rumınların təklifi həm oyunçunun özü, həm də klubu üçün daha cəlbedici olub. Lakin klub kapitanını satmaq niyyətində olmadığını bildirib.
Qeyd edək ki, Giorgos Malekkidisin “Apollon”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.
