“Sabah”ın nigeriyalı futbolçusu Kristian Nvaçukvunun futbolinfo.az saytına müsahibəsi

– Premyer Liqanın 3-cü turunda “Araz-Naxçıvan” üzərində çətin qələbə qazandınız. Matçı necə şərh edərdiz?

– Çox yaxşı oyun oldu. Rəqib müdafiə baxımından çox güclü idi. Amma biz daha çox çalışdıq, daha böyük əzmkarlıq göstərdik və sonda qələbəni öz xeyrimizə təmin etdik.

– Azərbaycan çempionatında yeni mövsüm başlayıb. Səncə, bu mövsüm ötənilki uğuru təkrarlaya biləcəksiniz?

– Bu komandaya mən də çox inanıram. Ötən mövsüm necə çalışmışıqsa, bu mövsüm də eyni şəkildə, hətta daha böyük əzmlə çalışmağa davam etsək, yenidən qalib gəlmək üçün böyük şansımız var. Məşqçilər korpusunun, baş məşqçinin və komanda yoldaşlarımın dəstəyi ilə buna nail olacağımıza inanıram. Asan olmayacaq, çünki çempionatda güclü komandalar var. Amma mən həqiqətən inanıram ki, bunu yenidən bacara bilərik. Qarşıda bizi çox iş gözləyir.

– Çempionlar Liqasının pley-offunda “Hapoel”in qapısına qol vurdunuz. Bu, davamlı oynamağa və qollar vurmağa yardım edəcək?

– Bəli, Avropa oyunlarında qol vurmuşam. Amma bu qol mənim üçün həqiqətən xüsusidir. Çünki həmin gün öz-özümə demişdim ki, qol vuracağam və komandamla birlikdə bu mərhələni keçərək Çempionlar Liqasına yüksələcəyik.

– Çempionlar Liqasında çox güclü komandalarla üz-üzə gələcəksiniz. Orada da sürprizlərə imza atacağınızı düşünürsüz?

– Açığı, heç kim cəmi 8 il əvvəl yaradılmış bir klubun belə tarix yazacağına inanmırdı. Ona görə də deyərdim ki, gəlin, gözləyək və nə baş verəcəyini görək. Mən komandama o qədər çox inanıram ki, yaxşı oyun göstərəcəyimizə əminəm. Biz ora sadəcə gözəl stadionlara baxmağa getmirik. Çempionlar Liqasında və dünyanın ən güclü komandalarına qarşı oynamaq mənim üçün böyük arzu və xəyaldır. Amma inanın, biz ora stadionların gözəlliyinə baxmağa yox, qələbə qazanmağa gedirik.

– Rəqiblərdən hansı arzuladığınız komanda idi və onlara qol vurmaq istəyərsiz?

– Komanda yoldaşım Kahim Parisə deyirdim ki, “Mançester Yunayted”lə qarşılaşmaq istəyirəm. Çünki Kriştianu Ronaldo bu komandada oynayıb və onlara böyük uğurlar qazandırıb. O, mənim kumirimdir. Ona görə də “Mançester Yunayted”ə qarşı oynamaq və onlara qol vurmaq mənim üçün böyük sevinc və arzumun gerçəkləşməsi olardı.

– Ümumiyyətlə, nəvaxtsa düşünürdüz ki, Azərbaycan kimi bir ölkəyə gələcəksiz və Çempionlar Liqasında oynayacaqsız?

– Düzünü desəm, heç vaxt təsəvvür etməzdim ki, Azərbaycana gələcəyəm və burada Çempionlar Liqasında oynayacağam. Amma futbol belədir – uğurun haradan gələcəyini heç vaxt bilmirsən. İndi bu komanda çox böyük tarix yazıb və mən də bunu bacaran futbolçular arasında olduğum üçün çox xoşbəxtəm. Komandamla fəxr edirəm!

CAVAD

Shares: