Ümumi mükafat fondu 108 milyon dollar olan “US Open” turniri davam edir.
2-ci mərhələdə 7 qat “Dəbilqə” çempionu Karlos Alkaras portuqaliyalı Jayme Faria ilə görüşüb. 2 saat 41 dəqiqə davam edən oyunun ilk setində ispaniyalı tennisçi 4:6 hesabı ilə uduzub. Amma sonrakı bölümlərdə Karlos favorit statusunu doğruldub. O, ikinci hissədə Jaymeyə ümumiyyətlə geym qazanmağa imkan verməyib. Növbəti iki setdə isə 6:3 və 6:2 hesabı ilə qalib gələn Alkaras 1/16 finala yüksəlib. Bu mərhələdə o, ATP reytinqində 2-ci sırada qərarlaşan pirineyli tennisçi çinli U İbenlə münasibətlərinə aydınlıq gətirəcək. Jayme Faria ilə görüşə gəlincə, Alkaras bu oyunda 12 breyk imkanı qazanıb və bunların cəmi 7-dən yararlana bilib.
Daniil Medvedev də 1/32 finalda səhvə yol verməyib. ATP reytinqində 8-ci pillədə qərarlaşan tennisçi amerikalı Sebastyan Qorznini 3 setdə məğlub edib – 6:1, 6:3, 7:5. Medvedev görüş ərzində 15 eys və 5 breyklə yadda qalıb.
Medvedevin həmyerlisi Andrey Rublyov isə turnirdə mübarizəni dayandırıb. O, ispaniyalı Daniel Merida-Aqilarla bacarmayıb. Hərçənd ki, ilk hissədə Andrey tay-brekdə uğur qazanıb. Sonrakı 3 bölümdə isə Rublyov imkanlarından aşağı səviyyədə çıxış edib – 2:6, 4:6, 4:6. Matç ərzində 13 eyslə yadda qalmasına baxmayaraq, cəmi 1 dəfə breyk etməsi Rublyovu geriyə salıb.
Elə son vaxtlar yüksəlişdə olan Rafael Xodarın da məğlubiyyəti gözlənilməz olub. İspaniyalı tennisçi çinli Bu Yunçaokete ilə matçda ümumilikdə 4 geym qazanıb – 2:6, 1:6, 1:6.
