Ölkə futbolu
Qumar nəzarətdə: AFFA ciddi araşdırmaya başladı!
Ölkə çempionatının I divizionunda “Şərurspor&rd…
Ölkə çempionatının I divizionunda “Şərurspor”la “Göyəzən” arasında keçirilən qarşılaşma AFFA rəhbərliyinin təngə gəlməsinin zirvə nöqtəsi olub. Futbolinfo.az saytının fevralın 25-də keçirilən oyundan sonra dərc etdiyi yazılar assosiasiya rəhbərliyini nəhayət ki, əməli addımlar atmağa sövq edib.
Əldə etdiyimiz informasiyaya görə, budəfəki araşdırmalar əvvəlki kimi “bir kağız yazın, imzalayın ki, araşdırdıq və ortaya fakt çıxmadı”, olmayacaq. Ən yüksək səviyyədə təşvişə düşən “futbol mətbəxi”nin rəhbərliyi artıq dərk edib ki, ölkə çempionatındakı hoqqabazlıqların ömrü çox sürə bilməz.
Özü də söhbət yalnız qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatan “Şərurspor” – “Göyəzən” qarşılaşması ilə bitmir. Həm Premyer Liqa, həm də I divizionda baş tutan çoxsaylı şübhəli qarşılaşmalar bu dəfə həqiqətən yoxlanılacaq və “sübut tapa bilmədik” möhürü ilə arxivə atılmayacaq.
Nəhayət ki, assosiasiya rəhbərliyi başa düşüb ki, ört-basdır etməyə çalışdığı hər bir oyun onların imicinə ciddi zərbə vurur. Çünki “tutulmayan oğru deyil” deməklə iş bitmir. Axı, oğrunu tutmaq istəmirsənsə, bunun bir səbəbi olur: deməli, həmin oğrunu tutmaqda maraqlı deyilsən və özün buna rəvac verirsən.
“Gec olsun, güc olsun”, deyiblər. Təki budəfəki araşdırmalar əvvəlkilər kimi “sabun köpüyü” olmasın. Çünki hər ötən tur oyunu qumara qoyanların yox, AFFA-nın əleyhinə işləyir.
AĞA