Premyer-liqa
“Qış finalı”: bu duel tribunadan izlənilməlidi!
Sabah futbolsevərlər qış fasiləsi öncəsi Topaz Premyer Liqa…
Sabah futbolsevərlər qış fasiləsi öncəsi Topaz Premyer Liqasının dadını çıxartmaq üçün əla şans qazanacaqlar: Suraxanı stadionuna baş çəkməklə, “90 dəqiqəlik Şah əsəri”nə canlı şahidlik etməklə. Fasiləyə hansı komandanın, “Qarabağ”ın, yoxsa “Qəbələ”nin lider libasında yollanacağına böyük ölçüdə sonuncudan əvvəlki – 13-cü turda aydınlıq gələcək.
İlk dövrədə “Qəbələ” evdə inamlı qələbə qazansa da, sirr deyil ki, Ağdam təmsilçi mövsümə artan qrafiklə daxil olur. Turdan-tura artıran Qurban Qurbanovun yetirmələri kifayət qədər yaxşı forma yığıblar. “Slovan”dan alınan məğlubiyyət komandadakı enişdən xəbər vermir. Sadəcə, “süvarilər” həmin axşam “öz qabları”nda deyildilər.
“Qəbələ”yə gəlincə, Roman Qriqorçukun ixtiyarında keyfiyyətli futbolçular olsa da, onların sayı məhduddu və istirahətə ehtiyacları var. Qış fasiləsi yaxın olsa da, “Qarabağ”la vacib oyunda büdrəməmək üçün bütün qüvvələr səfərbər olmalıdı. Əlbəttə, səfərdə qazanılan 1 xal da “qırmızı-qaralar” üçün qənimət hesab olunacaq. Çünki bu, əyalət təmsilçisinin turnir cədvəlindəki mövqeyini qorumağa kifayət edir ki, fasiləyə lider kimi yollanmaq komandaya psixoloji üstünlük qazandıracaq.
Komandaların itkilərinə gəlincə, meydan sahiblərindən Rəşad Sadıqov, qonaqlardan isə Baqali Dabonun yoxluğu baş məşqçiləri qayğılandıran məqamlardandı. Zədəli Sergey Zenyov isə artıq sıraya qayıdıb. Başqa sözlə, zədəlilər problemi baxımından hesab bərabərdi – 1:1. Zenyovun sıraya dönməsi Rəşad Eyubovun start heyəti şanslarını heçə endirir. Onun “Anderlext”lə oyununu heç uzaq Liviya səhralarında da görməsələr yaxşıdı. Qriqorçuk isə gördü. Gördükdən sonra isə çətin ki, yaxın zamanlarda Rəşada şans tanıya.
Rəşad Sadıqovun yoxluğunda Elvin Yunuszadənin start heyətində çıxacağını proqnozlaşdırmaq olar. Ancaq bir məqam da var ki, Qurban Qurbanov yenidən Maksim Medvedev – Bədavi Hüseynov tandeminə güvənə bilər. Belədə, çətin ki, İlqar Qurbanov ehtiyatda qalsın. Arif Daşdəmirovun Liberetsdəki oyunu baş məşqçiyə ciddi siqnal olmalıdı.
Start heyətində kimlərin çıxacağından asılı olmayaraq, hər iki tərəfin parlaq futbol sərgiləyəcəyini proqnozlaşdırmaq olar. Çünki Qriqorçuk ultramüdafiə futbolunu qəbul etmir, Qurbanovu isə meydan sahibi faktoru futbolçularını irəli səsləməyə məcbur edəcək.
Bu cür futbolu tribunadan izləməmək isə futbol qurmanları üçün bağışlanılmaz olar. Avropa Liqasının qrupuna yüksəlmiş iki klub arasında bu möhtəşəm 90 dəqiqə çempionatımız bəzəyinə çevriləcək. Təki hakimlər briqadası bayram əhval-ruhiyyəsini korlamasın.
CEYHUN ƏLİYEV