Müxtəlif yaş qrupları üzrə keçirilən çempionatlarda yenə texniki məğlubiyyətsiz ötüşülmədi. AFFA İnitzam Komitəsi bu dəfə “Zirə”nin 10 yaşlılardan ibarət komandasını üzdü.
 
Ötən həftəsonu U-10 liqasının paytaxt regionunda keçirilməsi nəzərdə tutulan “Təhsil FM” – “Zirə” matçı baş tutmayıb. Bunun səbəbini öyrənmək üçün texniki məğlubiyyət alan “qartallar”ın mətbuat katibi Elman Himayətoğlu ilə danışdıq: “Komandamız oyuna gedib. Sadəcə, gecə saat 4-5 radələrində baş məşqçinin əmisi rəhmətə gedib. Buna görə komandanı başqa məşqçilərə tapışırıb, özü oyuna gedə bilməyib. Amma AFFA rəsmiləri komandamızı meydana çıxmağa qoymayıb”.
 
Komandanın hansı səbəbdən meydana buraxılmamasının səbəbini isə saytımıza açıqlamasında AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev belə şərh etdi: “Mən və digər əməkdaşlarımız həmin vaxt matç keçirilməli olan məkanda idik. “Zirə” oyunçularının valideynləri də orada idi. Amma baş məşqçi yox idi. Bundan başqa, bizə məsul şəxslərdən də heç kim yaxınlaşmadı. Eyni zamanda uşaqların lisenziyası da yox idi. Lisenziya kartlarının hamısı baş məşqçidə qalmışdı. Belə vəziyyətdə heç kimi meydana buraxa bilmərik. Bu, əsasnamədədə öz əksini tapıb. Çünki ola bilər, hansısa komanda “lipa”dan istifadə etsin. Əgər lisenziyaları olsaydı, biz onları meydana buraxardıq”.
 
Qeyd edək ki, sözügedən yarışda “Zirə” 2 xalla 17 komanda arasında 16-cı pillədə qərarlaşıb. Bu, həm də komandaya münasibətin göstəricisi olan mövqedi. Sənədləri məşqçinin cibində yerləşən klubdan daha yaxşısını gözləmək olmaz.
 
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp