Ölkə futbolu
“Bakı inanılmaz dərəcədə gözəldi” – Kuaresma
Türkiyənin “Beşiktaş” klubunun və Portuqaliya mil…
Türkiyənin “Beşiktaş” klubunun və Portuqaliya milli komandasının futbolçusu Rikardo Kuaresma Bakıya gəlib.
Futbolinfo.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu gün Gənclər və İdman Nazirliyində nazir Azad Rəhimov və azarkeşlərlə görüşüb.
Görüşdə Rəhimov və Kuaresma ilə yanaşı, nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov, mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova, futbolçunun meneceri və həyat yoldaşı da iştirak edib.
Qonağı salamlayan Rəhimov onun ölkəmizdə olmasından məmnunluğunu ifadə edib. Azərbaycanda Avropa Liqasının final qarşılaşması kimi böyük futbol matçının uğurla təşkil edildiyini xatırladan nazir, futbolçunun ölkəmizə gəlişinin də yerli azarkeşləri çox sevindirdiyini vurğulayıb. O, Kuaresmanın səfərinin Azərbaycanı gəzmək məqsədi daşıdığını deyib.
Futbolçu səfərindən məmnun qaldığını, eyni zamanda burada çox gözəl qarşılandığını qeyd edib: “Azərbaycana yeni gəlməyimə baxmayaraq, qısa müddətdə Bakını çox bəyəndim. Bura inanılmaz dərəcədə gözəldi".
O, Azərbaycana səfərinin bir neçə günlük olduğunu qeyd edib: "Dəqiq müddəti deyə bilmərəm. Burada olduğum müddətdə həyat yoldaşıma vaxt ayırıb, şəhəri gəzəcəyəm, azərbaycanlılarla yaxından tanış olmağa çalışacağam. Bakıya heyranam və hər zaman tətil üçün bura gəlməyə hazıram".
36 yaşlı yarımmüdafiəçi "Beşiktaş"la müqaviləsinin olduğunu və bu klubdan ayrılmaq istəmədiyini vurğulayıb. Kuaresma "Qalatasaray"dan təklif gələcəyi halda qəbul etməyəcəyini deyib: "Beşiktaş"da çox xoşbəxtəm. Klub prezidenti və rəhbərlikdən mənə heç nə deyilməyib. Bu komandanı çox sevirəm. Türkiyədə yalnız "Beşiktaş"da oynacağam".
Daha sonra gənclər və idman naziri Azad Rəhimov Kuaresmaya futboldakı nailiyyətlərinə və Azərbaycan-Portuqaliya dostluq münasibətlərindəki xidmətlərinə görə futbolçuya mükafat təqdim edib.