“Qarabağ” 2025-ci ilə də qələbə ilə başladı. Amma liderin parlaq çıxışından danışa bilməyəcəyik. Misli Premyer Liqasının 3-cü dövrəsinin açılış matçında “Şamaxı” ağdamlıların əsəbi ilə oynamağı bacardı.

Əslində, Ayxan Abbasovun yetirmələri indiyəqədərki hər 3 matçda yenilməsinə rəğmən, “Qarabağ”la başabaş mübarizə aparıb. Lakin ustalıq səviyyəsindəki qeyri-bərabərlik özünü nəticədə göstərib. Dünən də belə oldu. “Şamaxı” iki dəfə hesabı bərabərləşdirdi, yekunda isə xalsız qaldı.

“Qarabağ”ın oyununa heyətdəki itkilər də təsirini göstərmişdi. Baş məşqçi Qurban Qurbanov gələn həftə Avropa Liqasında keçirəcəkləri oyunu da nəzərə alaraq müəyyən rotasiyalar etmişdi. Anasının xəstəliyi, daha sonra vəfatı üzündən komanda ilə toplanış keçməyən Yassin Benzia hələ Azərbaycana qayıtmadığından, onu ən azı daha 3-4 matçda görməyəcəyik. Bədavi Hüseynovun zədələnməsi, bəzi oyunçuların tam hazır olmaması dameydan sahiblərinin döyüşkən heyətlə oynamamasına səbəb olmuşdu.

Heyətində ciddi dəyişikliklər olan “Şamaxı”da isə əsas itki Leroy Mikels idi. Sınaq matçında zədələnən legionerin yoxluğunda qonaqların hücumda işləri qaydasında deyildi. Komanda iki qol vursa da, irəlidə əvvəlki hərəkətlilik yox idi.

Oyuna gəlincə, Brahim Konate ilk qolda kobud səhvə yol verdi, Cəlal Hüseynov isə debüt matçında avtoqolla yadda qaldı. “Qarabağ”ın müdafiənin mərkəzindəki səhvləri isə rəqibin fərqlənməsinə səbəb oldu. Qurbanovun FCSB ilə matçadək bu problemləri aradan qaldırması lazımdır. Əks halda, rumınlarla görüşdə uğurlu nəticəyə ümid edə bilməyəcəyik.

İstənilən halda, “Qarabağ” start matçlarına xas olan zəif oyuna rəğmən, 3 xal qazanmağı bacardı. Bu isə ağdamlıların çempionluq yarışında rəqibsiz olmasına işarədir. Əsas isləyici ilə 11 xallıq fərq var, “Araz-Naxçıvan”ın bu yarışda sonadək tab gətirməsi inandırıcı deyil. Lakin ağdamlılar arxayınlaşmamalıdır. Olavio Juninyonun yoxluğu həlledici matçlarda özünü göstərə bilər.

FƏRİD

Shares: