“Qəbələ”nin nigeriyalı futbolçusu Abdullahi Şuaybunun futbolinfo.az saytına müsahibəsi

– I Liqanın son turunda “Qaradağ Lökbatan” üzərində 3:0 hesablı qələbə qazandınız və qollardan birinə siz imza atdınız. Halbuki autsayderə 1 saat ərzində qol vurmaqda çətinlik çəkdiniz. Oyunla bağlı fikirləriniz necədir?

– Bəli, 1 saat ərzində rəqib qapısına yol tapa bilmədik. Amma bu, futboldur və bəzən belə də olur. Bəzən heç gözləmədiyin halda meydanda çətinlik çəkirsən. Lakin ən vacib olan özünə güvənmək və heç vaxt təslim olmamaqdır. Biz də həvəsdən düşmədik. 1 saat ərzində qol vura bilməsək də, qalan dəqiqələrdə rəqibi 3 dəfə mərkəzə dəvət etdik.

– “Qəbələ” I Liqanı çempion kimi tamamladı və növbəti mövsüm yenidən Premyer Liqada iştirak edəcək. Yəqin ki, bu nəticə sizin üçün də gözlənilməz olmadı…

– Qətiyyən! Bu nəticə mənim üçün də sürpriz olmadı. Çünki biz mövsümə çox yaxşı hazırlaşmışdıq və nəhayət, istədiyimizə nail olduq. Buna görə Allaha şükür edirəm. Məqsədimiz Premyer Liqaya dönmək idi, onu da bacardıq.

– Növbəti mövsümdə də sizi “Qəbələ”nin heyətində görə biləcəyik? Yoxsa başqa komandalardan təkliflər almısınız və ayrılıq ehtimalınız var?

– Mən “Qəbələ”nin futbolçusuyam, klubla müqaviləm davam edir. Gələcəkdə necə olacağını heç kim təxmin edə bilməz. İnşallah, nə baş verəcəyini birlikdə görəcəyik.

– Sizcə, 1 illik aradan sonra Premyer Liqaya qayıdan “Qəbələ” yüksək dəstədə iddialı komandalardan ola biləcək?

– Yüz faiz əminəm ki, Premyer Liqada hər kəs “Qəbələ”ni güclü rəqib sayacaq. Biz istənilən komandaya qarşı oynamağa tam hazır olacağıq. Çünki biz yaxşı komandayıq. “Qəbələ” Premyer Liqa komandasıdır. Hər şeyi zaman göstərəcək. O vaxta qədər gözləyək.

– Sabiq komandanız “Kəpəz”in bu mövsümkü çıxışını necə dəyərləndirirsiniz? Gəncə klubunun növbəti sezonda daha iddialı olacağı gözlənilir. Bu barədə nə deyə bilərsiniz?

– Onların adına sevinirəm. Həqiqətən də, “Kəpəz” bu mövsüm yaxşı çıxış etdi və liqadakı yerini qorumağı bacardı. Komandanın növbəti sezondakı iddiası haqda isə indidən nəsə demək çətindir. Mövsümün startına qədər heç kim bu barədə dəqiq söz deyə bilməz. “Kəpəz”in iddiasının artıb-artmaması yeni sezon başlayandan sonra dəqiq bilinəcək. Sabiq komandama uğurlar arzulayıram.

ABBAS

Shares: