2026-cı ilə “Şamaxı” üzərində inamlı qələbə ilə başlayan “Qəbələ” (4:0) Misli Premyer Liqasındakı mövqeyini qorumaq yolunda önəmli addım atıb. Lakin “qırmızı-qaralar” bununla kifayətlənmək fikrində deyil.
Futbolinfo.az saytının məlumatına görə, bölgə təmsilçisi qış transfer dönəmində heyətini gücləndirməkdə davam edəcək.
Baş məşqçi Kaxaber Sxadadzenin hədəfindəki daha bir əcnəbi futbolçu müəyyənləşib. Belə ki, “Qəbələ” yarımmüdafiənin mərkəzini Zambiya millisinin üzvü Emmanuel Banda ilə gücləndirmək niyyətindədir. İsrailin “Makkabi” (Bney Reyne) klubunda çıxış edən 28 yaşlı oyunçu ilə danışıqlar artıq müsbət yekunlaşmaq üzrədir. “Qəbələ” rəhbərliyi Bandanın transferini ən geci fevralın əvvəllərinə qədər yekunlaşdırmağa çalışır.
Qeyd edək ki, Emmanuel Banda ötən yaydan “Makkabi” formasını geyinir. O, 2017-ci ildən bəri Zambiya yığmasının heyətində 37 oyun keçirib, 1 qol vurub.






