“Karvan-Yevlax”ın Premyer Liqada qalmaq, “Sumqayıt”ın isə avrokuboka vəsiqə qazanmaq ümidlərinə daha bir zərbə dəydi. Misli Premyer Liqasının 26-cı turunun açılış günündəki matçlardan sonra əsas rəqiblərlə fərq artdı.

Yevlaxlıların arzuları elə öz gözləri önündə puç olur. Şəhərin komandası son pillədə ikən stadionunu bölüşdüyü “Kəpəz” xeyli irəli gedib. Dünən isə bu meydanda “Qəbələ” qələbə qazanaraq xal fərqini 11-ə qaldırdı. İndiyədək cəmi 8 xal qazana bilmiş autsayderin 8 oyuna bu fərqi aradan qaldırması mümkünsüzdür. Riyazi cəhətdən şans var – lakin elə yalnız riyazi cəhətdən…

“Kəpəz” dünən qələbə qazansaydı, Premyer Liqada qalmaq problemini böyük ölçüdə həll edəcəkdi. Hətta heç-heçə də gəncəlilərin pley-offdan qaçmasına yardım edə bilərdi. Amma “Qəbələ” toparlanmağı bacardı. Səfər oyununda qazanılan layiqli qələbə bölgə təmsilçisinin son pillədən uzaqlaşmasına, digər əsas rəqbləri irəli buraxmamasına kömək etdi. Növbəti turlarda əsas mübarizə 11-ci olmamaq uğrunda gedəcək. Kaxaber Sxadadzenn yetirmələri növbəti həftə “İmişli”ni yenə bilsə, bu rəqibini də həyəcanın içinə çəkəcək. “Karvan-Yevlax” – “Kəpəz” oyunu da çox suala aydınlıq gətirəcək.

Ardıcıl 10 oyundur qələbə görməyən “Sumqayıt” isə tezliklə 7-ci pilləni də əldən verə bilər. “Kimyaçılar” qitə yarışlarına vəsiqə verən pillədən 10 xal geridədir. Dünənki məğlubiyyətlə daha bir əsas rəqibindən xeyli geri düşən komandada xaos hökm sürür. Baş məşqçi Saşa İliçin oyunçuları hədəf göstərməsi, konkret adlar çəkərək danışması vəziyyətin ümidsiz olmasının xəbərçisidir. Qarşılıqlı inamı olmadığı mühitdə isə uğursuzluq qaçılmazdır.

Əvəzində “Neftçi” vəziyyətini xeyli yaxşılaşdırıb. Sumqayıtda qazanılan inamlı qələbə bakılıların avrokubok ümidini artırıb. Düzdür, qarşıda çətin oyunlar və öndəkilərlə xal fərqi var. Amma Yuri Vernidubun yetirmələri dünənki kimi oynamağa davam etsə, heç nə mümkünsüz deyil. Növbəti turda “Araz-Naxçıvan”ı məğlub etmək alınsa, bu komandanın ümidləri də azalacaq və 3-4-cü pillələr uğrunda mübarizədə cəmi iki rəqib qalacaq.

FƏRİD

Shares: