“İmişli”də olarkən oyunlarda az şans tapmağım mənə gələrkən adaptasiya prosesində çətinlik yaratdı. Bu səbəbdən komandaya gec uyğunlaşdım, amma hazırda hər şey qaydasındadır. Fiziki formam çox yaxşıdır. Məqsədim gələn il üçün Premyer Liqada oynamaqdır”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Azərbaycan I Liqasında mübarizə aparan “Şəfa”nın futbolçusu İbrahim Əliyev deyib.
27 yaşlı futbolçu XXI turda “Səbail”lə baş tutacaq oyunla bağlı danışıb: “Oyuna hazırlıqlar demək olar ki, öz qaydasında gedir. Rəqibi yaxşı analiz etmişik. Çətin oyun olacaq, amma düşünürəm ki, bu oyunda favorit bizik”.
O, ötən tur “Mingəçevir”ə 2:5 hesabı ilə uduzduqları görüşlə bağlı da danışıb: “Məğlubiyyəti elə Mingəçevirdəcə unudub Bakıya qayıtdıq. Çempionluq yolunda bu, çox vacibdir. Tez toparlanıb növbəti oyunlarda qələbə qazanmağı düşünürük”.
Qeyd edək ki, “Şəfa” hazırda 45 xalla turnir cədvəlinin ilk pilləsində yer alır. Liderin əsas rəqiblərindən olan “Səbail” isə 8 xal geridədir.






