Misli Premyer Liqasının 30-cu turu bəzi diqqətçəkən statistik məqamlarla yadda qalıb.
Futbolinfo.az saytının məlumatına görə, avrokuboklar uğrunda mübarizə aparan “Zirə” uğursuz seriyaya son qoyub.
Qəsəbə təmsilçisi “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edərək, doğma arenasında 4 oyundan sonra qələbə qazanıb. Rəşad Sadıqovun yetirmələri evdə axırıncı dəfə 20-ci turda aktivinə 3 xal yazdırmışdı. “Zirə” ümumilikdə 16 ev matçının yalnız 6-da qalib gəlib.
“Araz-Naxçıvan” isə öz meydanında ardıcıl 3-cü məğlubiyyətini alıb. Naxçıvanlılar geridə qalan turda “İmişli”yə (0:1) uduzub. “Araz-Naxçıvan” bundan əvvəl evdə “Sabah” və “Turan Tovuz”a da yenilib. Bölgə komandası 16 ev oyununun 6-da xalsız qalıb.
O ki qaldı turun səfər komandalarına, “İmişli” qonaq meydanında ardıcıl 3-cü qələbəsini qazanıb. Maraqlıdır ki, Premyer Liqanın debütantı “Araz-Naxçıvan”dan əvvəl “Qəbələ” və “Kəpəz”i də yeganə qolla üstələyib.
Həmçinin “Neftçi” də uğurlu səfər çıxışını davam etdirir. “Karvan-Yevlax”ı 3 cavabsız qolla məğlub edən “ağ-qaralar” məğlubiyyətsiz səfər oyunları seriyasını 8-ə yüksəldib. Komanda son 8 səfər qarşılaşmasının 6-da qalib gəlib, 2 dəfə bərabərə qalıb. “Neftçi” səfərdə sonuncu dəfə 14-cü turda “Sabah”a (0:2) məğlub olub. Bakılıların passivində cəmi 2 səfər yenilgisi var ki, biri də 11-ci turda “Qarabağ”la matça təsadüf edib – 0:2.
“Turan Tovuz” isə 6 oyundan sonra ilk dəfə qonaq meydanında məğlub olub. Tovuzlular Bakıda “Qarabağ”dan xal ala bilməyib – 1:2. Bölgə təmsilçisi buna qədərki 6 səfər matçının 3-də qalib gəlib, 3-də isə məğlub olub. Maraqlıdır ki, “Turan Tovuz” əvvəlki səfər məğlubiyyətini də məhz “Qarabağ”dan alıb. 18-ci turda komanda ağdamlılara yenə minimal fərqlə (0:1) yenilib.






