“Omoniya” Jali Muaddibin “Qarabağ”a keçidi ilə barışıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb. Bildirilir ki, fransalı vingerin mövsümün sonunda Azərbaycan klubu ilə müqavilə imzalayacağı dəqiqdir.
Tərəflərin keçidin bütün detallarında anlaşdığı vurğulanıb. 25 yaşlı sol cinah oyunçusunun “Omoniya” ilə müqavilə müddəti mayın sonuna qədər olduğundan, Muaddib “Qarabağ”a azad agent kimi keçəcək.
Kiprlilər isə bu keçidə görə yerli klubları tənqid atəşinə tutublar. Futbol ictimaiyyəti Muaddibi Kipr çempionatının ən perspektivli iki oyunçusundan biri hesab edirlər. Belə bir oyunçunun ölkəni təzminatsız tərk etməsini “Omoniya”nın səriştəsiz fəaliyyəti və digər klubların zəif skaut işi ilə əlaqələndiriblər.
“Qarabağ” müntəzəm avrokuboklarda çıxış edən komandadır. Muaddib orada özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə, Azərbaycan təmsilçisi onun satışından gələcəkdə milyonlar qazana bilər”, – deyə yazıda bildirilib.
Qeyd edək ki, Jali Muaddib “Omoniya”ya ötən ilin yayında Rumıniya klubu “Botoşani”dən keçib.






