“Lill”in 18 yaşlı yarımmüdafiəçisi və Fransa U-21 komandasının kapitanı Əyyub Buhaddi Fransa millisinin 2026-cı il Dünya Çempionatı üçün heyətinə düşə bilmədikdən sonra Mərakeş millisində oynamaq qərarına gəlib. Bu barədə jurnalist Fabrizio Romano məlumat verib.
İnsayderin verdiyi məlumata görə, Buhaddi ABŞ, Kanada və Meksikada keçiriləcək turnir üçün Mərakeşin yekun heyətinə daxil ediləcək.
Buhaddi Fransanı müxtəlif yaş qruplarında təmsil edib. O, U-21 komandasında 10 oyun keçirib və 1 qol vurub. Bu mövsüm yarımmüdafiəçi “Lill”də bütün yarışlarda 41 oyunda meydana çıxaraq 1 məhsuldar ötürmə edib. “Transfermarkt” onun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.






