Misli Premyer Liqasının son turu çərçivəsində daha iki oyun keçirildi və daha dörd komanda istirahətə yollandı. Dünənki qarşılaşmaların birində meydan sahibləri, digərində qonaqlar sevindi.

Andrey Demçenko Azərbaycanı qələbə ilə tərk edəcək. İstefaya göndərilməsi an məsələsi olan “Araz-Naxçıvan”ın baş məşqçisi uğursuz mövsümü major notda başa vurmasına görə Junior Martinsə borcludur. “Zirə” 90+6-cı dəqiqədə penaltini boşa verməsəydi, ukraynalı ardıcıl iki qələbə görmədən gedəcəkdi.

Lakin dünənki qələbə naxçıvanlılar üçün sadəcə kiçik təsəlli oldu. Komanda mövsümü 6-cı pillədə başa vurdu. Halbuki Demçenko Elmar Baxşıyevi əvəz edəndə muxtar respublika təmsilçisi avrokuboka düşmək üçün real şansa malik idi. Yersiz məşqçi dəyişikliynə gedən rəhbərlik yəqin ki, indi səhvinin fərqindədir. Legionerlərə xərclənən milyonlar havaya sovruldu, kluba bağlılığı olan menecerlərin cibi doldu.

İki dəfə hesabda iki top fərqi ilə geri düşən “Zirə” yalnız oyunun sonunda ayıldı. Qitə yarışlarından kənar qalmağın motivasiyasızlığı ilə meydana çıxan qonaqlar əzmkarlıq göstərməyi bacardı. Lakin son dəiqələrdə boşa verilən penalti məğlubyyəti qaçılmaz etdi.

Azər Bağırov isə “Kəpəz”i məğlubiyyətlə tərk etməli olacaq. Onun yetirmələri baş məşqçinin son oyununda azlıqda qalan “Neftçi”dən xal ala bilmədi. Tezliklə “Şamaxıda” peyda olacaq çalışdırıcının “bar söhbəti” isə suallara məntiqli cavab deyildi. Mətbuat konfransında iki gün öncəki qəbahətini malalamaq istəyən Bağırov özünü vaxtilə qovulduğu “Qəbələ” rəhbərliyinə göstərməsindən, hətta bukmeker kontorlarından danışsaydı, daha maraqlı söhbətin səbəbkarı olardı. Azər yaxşı məşqçidi, amma xarakterinə, davranışına, mətbuatla ünsiyyətinə çəki-düzən verməsə, həmişə yalnız autsayder komandalarda işləyəcək.

“Neftçi”yə gəlincə, Yuri Vernidub avrokuboka vəsiqəni təmin etdikdən sonra da komandasından maksimumu istədi və buna nail oldu. Təsadüfi deyil, Samir Abasovdan bərbad vəziyyətdə təhvil alınan komanda 3-cü pillədəki “Turan Tovuz”la eyni xal toplamağı bacardı. Zirədə son dəqiqələrdə hakimlərin səhvi üzündən əldən gedən iki xal indi bakılıları qərblilərdən önə ata bilərdi.

Bu gün Qubada mövsümün sonuncu 90 dəqiqəsi oynanılacaq. Tamamilə formal matda qeydə alınacaq nəticə iki vidanın qarşısını ala bilməyəcək. “Karvan-Yevlax”ın Premyer Liqanı tərk edəcəyi daha öncədən bəlli idisə, matçdan sonra “İmişli”nin baş məşqçisi Jorj Kaşkilyanın da Azəbaycandan getməsini elan edəcəyi gözlənilir.

ABBAS

Shares: