21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyə toplanışı üçün açıqlanan heyətində yeni adlara rast gəlmək olar.
Futbolinfo.az xəbər verir ki, xüsusi diqqət çəkən oyunçu İtaliyanın “Sampdoriya” klubunda çıxış edən Lorenzo Mezzoterodur.
17 yaşlı mərkəz hücumçusu əslən italyan olsa da, Azərbaycan futbol məktəbinin yetirməsidir. Mezzotero ölkəmizdə “Qarabağ” və “Neftçi”nin futbol akademiyasında futbolun sirlərini öyrənib. Xüsusən də “Neftçi”nin aşağı yaş qrupu komandalarındakı çıxışı ilə tanınan forvard 2020-ci ilin sentyabrında Azərbaycanı tərk edib.
Futbolçu həmin vaxt “Latsio”nun Milan şəhərində fəaliyyət göstərən akademiyasında – “Vigor Milano”ya keçib. Bir il sonra “Atalanta”ya keçən Mezzotero ardından İspaniyanın “Marcet” klubunun formasını geyinməyə başlayıb. 2024-cü ildə isə İtaliyaya qayıdaraq bu dəfə “Sampdoriya” ilə anlaşıb. İlk peşəkar müqaviləsini Genuya klubu ilə imzalayan Lorenzo bu klubun U-17, ardından U-19 komandasında çıxış edib.
Mezzotero 2025-2026 mövsümündə “Sampdoriya”nın U-19 komandasının heyətində Primavera-2-də 28 oyuna çıxıb, 11 qola imza atıb.
Saysız-hesabsız legionerləri milliləşdirməklə yadda qalan AFFA-nın keçmiş rəhbərliyi Lorenzonun özünün və valdeynlərinin dəfələrlə müraciət etməsinə baxmayaraq, onu yığmalarımıza çağırmırdı. Halbuki italyalı Bakıda yaşayıb böyüdüyü üçün bu şansa saysız dağıstanlıdan, xorvatdan, ukraynalıdan daha çox layiq idi. O, Azərbaycanı niyyəti daha çox qazanmaq olan Ozobiçdən, Nazarovdan, İsrafilovdan daha çox sevir. Təsadüfi deyil ki, ailəsi ilə birlikdə ildə azı iki dəfə ölkəmizə gəlirlər.
Hazırkı AFFA rəhbərliyi problemdən xəbər tutan kimi anlaşılmazlığı aradan qaldırıb, böyük gələcək vəd edən yeniyetməni yığmaya dəvət edib. Yəqin sələfləri Mezzoterodan pul qazana bilməyəcəkləri üçün ona diqqət göstərməyiblər. Vaxtilə Bakıda neft sahəsində çalışan valideynlərinin AFFA-nın ayıracağı maliyyəyə ehtiyacı yox idi, sadəcə, övladlarının arzuladığı ölkəni seçməsinə dəstək verirdilər.
“Neftçi”nin uşaq komandalarında oynayarkən bombardirlik keyfiyyətləri ilə seçilən italiyalının vətənində məşhur “Sampdoriya”da qərar tutması təsadüf ola bilməz. Onun U-21-ə də faydalı olacağı şübhə doğurmur. Hələ 17 yaşı olan bu gənc əsas komandaya da dəvət etmək, şans vermək, onu qazanmaq lazımdır.









