“Qəbələ”nin güclü legionerləri var. Yerli futbolçularına da böyük hörmətlə yanaşırıq. Futbolçularımızı rəqibi yaxşı tanıması üçün hazırlayırıq. Həm fiziki, həm də psixoloji baxımdan çox yaxşı durumdayıq. Komandanın yüksəlişi artıq mövsüm boyu hiss olunurdu. Pley-offa yüksəlməyimiz motivasiyamızı daha da artırıb. İnanıram ki, yaxşı oyun olacaq. Vaxtilə elitada çıxış etmiş futbolçularımızın təcrübəsindən də yararlanırıq. Şansları dəyərləndirsəm, üstünlüyün 55 faiz bizdə olduğunu deyərəm. Çünki oyuna köklənmək və əzm bizim komandada daha yüksək səviyyədədir”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Mingəçevir”in baş məşqçisi Ramiz Məmmədov deyib.

Təcrübəli çalışdırıcı son turda “Səbail” üzərində qazanılan 4:1 hesablı qələbə və pley-offa vəsiqə ilə bağlı da fikirlərini bölüşüb: “Güclü və köklü kollektivə qarşı oynayacağımızı bilirdik. Futbolçularımızın hamısını öncədən xəbərdar etmişdik. Oyuna köklənməyimiz həddindən artıq yüksək idi. Futbolçularımız hansı məsuliyyət daşıdıqlarını yaxşı anlayırdılar. Mövsümün əvvəlindən qarşımıza qızıl medal hədəfi qoymuşduq. Təəssüf ki, bunu reallaşdıra bilmədik. Zədəlilərimiz və komandadan ayrılan futbolçularımız oldu. Yeni gələnlərin uyğunlaşması üçün isə vaxt lazım idi. Baş məşqçi kimi çox xoşbəxtəm ki, kollektivimiz mövsümün son turunda qarşıya qoyulan məqsədə çatdı. İkinci yeri tutmağımız da bizim üçün sevindirici oldu. Başda Adil Şükürov olmaqla “Səbail”ə uğurlar arzulayıram”.

Məmmədov komandanın uğurunun əsas səbəblərindən birinin futbolçu seçimində xarakter faktoruna üstünlük verilməsi olduğunu da qeyd edib: “İl boyu stabil çıxış etməyimizin əsas səbəbi futbolçuları xarakterlərinə görə seçməyimiz idi. Uzun illərdir futboldayıq. Hər bir futbolçunu ayrıca izləyərək komandaya cəlb etmişdik. Bütün futbolçularıma təşəkkür edirəm. Son ana qədər mübarizə apardılar və bunun nəticəsində pley-offa vəsiqə qazandıq. Məncə, indiyə qədər etdiklərimiz azdır. Hələ məni tam qane etməyiblər. Premyer Liqaya yüksəlsək, o zaman qarşımıza qoyduğumuz əsas hədəfə çatmış olarıq”.

Sonda mütəxəssis pley-offdakı rəqibləri “Qəbələ” barədə də danışıb: “Qəbələ” çox güclü kollektivdir və güclü infrastruktura malikdir. Uzun illər orada çiyin-çiyinə çalışdığım insanlar var. Elita təcrübələri böyükdür. Artıq “Mingəçevir” də bu hədəf uğrunda mübarizə aparacaq. Kimə qarşı oynayacağımızı yaxşı bilirik. Qısa müddətdə toparlanıb oyuna hazırlaşacağıq. Kaxaber Sxadadzeyə məşqçi kimi böyük hörmətim var. İnşallah, güclü olan qalib gələr. Hər iki komandaya uğurlar arzulayıram”.

GÜNAY SÜLEYMANOVA

Shares: