Azərbaycan millisinin üzvü Toral Bayramovun futbolinfo.az saytına müsahibəsi
– Milli komandanın Bakıdakı toplanışı necə keçdi? Ümumiyyətlə, yığma üçün artıq ciddi bir dönəm başlayır. Bu hazırlıq prosesini necə dəyərləndirirsən?
– Düşünürəm ki, Bakıdakı toplanış pis keçmədi. Komandada ümumi ab-hava yüksəkdir, hamı istəklidir. Bu istəyin bizə kömək olacağını düşünürəm. Hazırlaşırıq, inşallah, uğurlu nəticə əldə edərik.
– Avstriyada da 10 günlük toplanış olacaq və iki yoxlama görüşü keçirəcəksiniz. Rəqibləri necə dəyərləndirirsən?
– Avstriyadakı oyunların bizə çox xeyri olacaq. Oyunların çox olması yaxşıdır, çünki hamı bir-birini daha yaxşı tanıyır. Rəqiblərimiz də Millətlər Liqasındakı rəqiblərə yaxın səviyyədə komandalardır. Rəsmi oyunlar öncəsi bunu bir imtahan adlandırardım.
– Səncə, “FIFA Series-2026” turnirindəki qələbədən sonra komandada motivasiya yaranıb?
– Komandada motivasiya yüksəkdir. Qələbələr olduqda əhval-ruhiyyə də yüksək olur. İnşallah, bu, davamlı olar.
– Malta və San-Marino ilə matçlarda komanda qələbə qazana biləcək?
– Çalışacağıq ki, yaxşı nəticə ilə vətənə qayıdaq.
– Çempionat bitdi və qısa müddət sonra milliyə qoşuldunuz. Özündə yorğunluq hiss edirsən?
– Ağır bir mövsüm oldu. Maraqlı çempionat keçdi. Yorğunluq az da olsa var, amma bu, bizə mane olmamalıdır. Milli komandada məsuliyyət daha çox olur. İstirahətə yaxşı əhval-ruhiyyədə getmək istəyirik.
FƏRİD
P.S.: Bayramov yenicə transfer olunduğu “Bursaspor”la bağlı danışmaqdan imtina etdi. O, Türkiyə klubuna qoşulduqdan sonra bu barədə müsahibə vermək niyyətindədir.






