İsrailin “Makkabi” (Təl-Əviv) klubunun müdafiəçi Lonni Uoker komanda oyunçularının İsrail basketbol liqasının qərarına etirazını əks etdirən açıqlama yayıb. Etiraz Yaxın Şərqdə gərginliyin artması fonunda pley-off matçının təxirə salınmaması ilə bağlıdır.
Uoker sosial şəbəkə hesabında bunları yazıb: “Biz liqanın bugünkü matçı təqvimə uyğun keçirmək qərarından məyusuq və buna görə çox qəzəblənmişik. Yuxusuz gecədən, davamlı stressdən, ailələrimizdən gələn sonsuz zənglərdən, bundan sonra nə olacağı ilə bağlı qeyri-müəyyənlikdən və keçmişdə oxşar vəziyyətlərin xatirələrindən sonra biz özümüzü nə mənəvi, nə də fiziki cəhətdən oyuna hazır hiss etmirik. Biz robot deyilik. Biz qorxu yaşayan, yaxınlarını düşünən və həyatının bütün sahələrinə təsir edən reallıqda yaşayan insanlarıq. Belə qeyri-müəyyənlik və tam istirahətsizlik şəraitində meydana çıxmaq sadəcə çətin deyil, bu həm də təhlükəlidir. Biz hesab edirik ki, sağlamlıq, təhlükəsizlik və rifah hər şeydən öndə olmalıdır”.
Qeyd edək ki, İsrail basketbol liqasının pley-off mərhələsində “Makkabi” – “Hapoel” (Holon) oyunu bu gün azarkeşsiz keçiriləcək.






