“Barselona” və “Los Anceles Leykers”in əfsanəvi basketbolçusu Pau Qazol MBA-nın Avropa layihəsinin qitə basketbolunun inkişafına ciddi töhfə verəcəyini bildirib.

Qazolun sözlərinə görə, Avropa basketbolu artıq güclü azarkeş mədəniyyətinə və yüksək səviyyəli oyunçulara malikdir. Lakin MBA ilə əməkdaşlıq klublara yeni investisiyalar cəlb etməyə, onların dəyərini artırmağa və əlavə inkişaf imkanları yaratmağa kömək edəcək: “NBA Europe” sadəcə bir təklif deyil, mən onun gerçəkləşəcəyinə inanıram. Bu model Avropanın aparıcı basketbol klublarının inkişafına xidmət edəcək. Bizim artıq çox güclü basketbol məhsulumuz var, amma bəzi çatışmazlıqlar da mövcuddur. Bu əməkdaşlıq həmin boşluqları doldurmağa imkan verəcək”.

İspaniyalı sabiq basketbolçu layihənin basketbolun populyarlığını artıracağını da vurğulayıb: “Ümid edirəm ki, bu təşəbbüs daha çox uşağın basketbola gəlməsinə səbəb olacaq. Eyni zamanda Avropa basketbolunun beynəlxalq nüfuzu və dəyəri daha da yüksələcək”.

Qazolun fikrincə, yeni liqa azarkeşlər üçün də müsbət dəyişikliklər vəd edir. O bildirib ki, layihənin məqsədlərindən biri oyun təcrübəsini yaxşılaşdırmaq, eyni zamanda Avropa basketbolunun özünəməxsus ehtirasını və ənənələrini qorumaqdır.

Qeyd edək ki, “NBA Europe” layihəsinin ilk mövsümünün 2027-ci ilin oktyabrında start götürməsi planlaşdırılır.

Shares: