“İlk oyunun Bakıda keçirildiyini nəzərə alsaq, 0:0 hesablı nəticə ÇSKA üçün əlverişli oldu. Qarşılaşma ərzində ciddi qol imkanları çox olmasa da, bu heç-heçə cüzi də olsa, onların xeyrinədir”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qarabağ”ın və Azərbaycan millisinin sabiq müdafiəçisi Aslan Kərimov deyib.

Mütəxəssis “Qarabağ”la ÇSKA arasında Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçirilən ilk görüşü dəyərləndirib və cavab qarşılaşmasında Ağdam təmsilçisinin diqqət etməli olduğu məqamları açıqlayıb: “Topa sahib olmaq müasir futbolda vacib amildir. Lakin əsas məsələ bu üstünlüyü rəqibin cərimə meydançası ətrafında yaratmaqdır. Hesab edirəm ki, “Qarabağ” ilk matçda, xüsusilə meydanın mərkəzində topa kifayət qədər nəzarət edə bilmədi. ÇSKA-nın pressinqi nəticəsində çoxlu top itkisinə yol verildi və bu da komandamızın təhlükəli qol epizodları yaratmasına mane oldu.

Rəqib Bakıda konkret oyun üslubu nümayiş etdirmədi. Daha çox aqressiv müdafiə planına üstünlük verdi. Xüsusilə ikili mübarizələrdə sərt oynayırdılar. Düşünürəm ki, “Qarabağ” Bolqarıstanda bu məqama hazır olmalıdır. Eyni zamanda standart vəziyyətlərə və əks-hücumlara qarşı da diqqətli olmaq lazımdır. Bakıda “Qarabağ” bu istiqamətdə tam istədiyini edə bilmədi, rəqib isə əks-hücumlarda imkan yaratmağa çalışırdı. Bu səbəbdən ÇSKA-nın qazandığı toplarla sürətli hücumlar qurmağa cəhd göstərəcəyi gözləniləndir. Yalnız topa sahib olmaqla “Qarabağ”ın qapısına qol vuracaqlarını düşünmürəm”.

Kərimov iki oyundan ibarət duellərdə taktiki intizam və matçın ritmini dəyişə bilməyin əhəmiyyətinə də toxunub: “Belə görüşlərdə intizamlı oyun və matçın ritmini dəyişə bilmək vacib amillərdəndir. Hər iki komandanın bu baxımdan imkanları var. Bakıda da gördük ki, komandalar taktiki planlarından kənara çıxmadılar. Oyunun tempini dəyişmək isə daha çox futbolçuların fərdi keyfiyyətlərindən asılıdır. Burada məşqçinin müdaxilə imkanları o qədər də geniş deyil. Lazım gəldikdə tempin artırılması və ya aşağı salınması birbaşa meydandakı futbolçuların qərarlarından asılı olur.

Açıq şəkildə qeyd etmək lazımdır ki, “Qarabağ”ın ötən mövsümkü futbolçu keyfiyyəti ilə hazırkı heyət arasında müəyyən fərq var. Bir sıra mövqelərdə dəyişikliklərin olması istər-istəməz komandanın oyun səviyyəsinə təsir göstərib. Amma bu, onların zəif olması demək deyil. Sadəcə, yeni futbolçuların uyğunlaşması üçün müəyyən vaxt lazımdır. Gördüyümüz qədərilə komanda artıq tədricən bir-birinə uyğunlaşmağa başlayıb. Buna baxmayaraq, “Qarabağ”ın şanslarını ÇSKA ilə müqayisədə daha yüksək qiymətləndirirəm. Bu baxımdan təmsilçimizi cütün favoriti hesab etmək olar”.

Aslan bəy baş məşqçinin təcrübəsinin belə qarşılaşmalarda hansı məqamlarda ön plana çıxa biləcəyindən də danışıb: “Çempionlar Liqasını qazanmış baş məşqçi də gətirsəniz, onun oyuna birbaşa müdaxilə imkanları məhduddur. Çünki meydanda məşqçinin tapşırıqlarını həyata keçirən futbolçulardır. Bununla belə, 0:0 hesabından sonra baş məşqçinin avrokubok təcrübəsi futbolçulara inam və motivasiya vermək baxımından mühüm rol oynaya bilər. Qurbanovun bu sahədə kifayət qədər böyük təcrübəsi var. Amma taktiki planın icrası və meydandakı performans birbaşa futbolçulardan asılıdır. Onlar tapşırıqları yerinə yetirə bilmədikdə məşqçinin nə qədər təcrübəli olmasının da oyuna təsiri məhdudlaşır”.

Kərimov cavab görüşündə “Qarabağ”ın qələbə qazanması üçün top itkilərinin minimuma endirilməsinin vacibliyini vurğulayıb: “Qələbə qazanmaq istəyiriksə, ilk növbədə top itkilərini azaltmalıyıq. Bakıda xüsusilə meydanın mərkəzində, dayaq yarımmüdafiəsində çıxış edən Bikalyo və Kadi çoxlu top itkisinə yol verdilər. Belə zonalarda top itirmək təhlükəlidir və bu, rəqibin birbaşa qapı qarşısında qol epizodu yaratmasına səbəb ola bilər. Bundan başqa, hücum zamanı cərimə meydançasına daha çox futbolçu ilə daxil olmaq lazımdır. Zubirin ilk oyunda rəqib müdafiəçiləri aldatdığını və əvvəlki üstünlüklərindən istifadə etdiyini çox görə bilmədim. Cinahlarda birəbir mübarizələrə girmək və rəqibi keçmək onun əsas üstünlüklərindən biridir. Bu səbəbdən cavab qarşılaşmasında cinahlarda daha qətiyyətli olmaq lazımdır”.

Təcrübəli mütəxəssis sonda cütün favoriti ilə bağlı fikirlərini də bölüşüb: “İki komandanı müqayisə etsək, bu cütün favoriti “Qarabağ”dır. Dəqiq hesab proqnozlaşdırmaq çətindir, amma qələbənin Ağdam təmsilçisinin tərəfində olacağına inanıram. Hətta düşünürəm ki, cavab görüşü Bakıdakı matçdan daha asan keçə bilər. Çünki ÇSKA Bakıda kifayət qədər qapalı futbol nümayiş etdirirdi. Öz meydanında və azarkeşləri qarşısında isə istəsə də, istəməsə də bir qədər daha açıq və öndə oynamaq məcburiyyətində qala bilər. Bu isə “Qarabağ” üçün əlavə imkanlar yarada bilər”.

GÜNAY SÜLEYMANOVA

Shares: