Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) Azərbaycan tennis millisinin məşqçi/kapitanı Yalçın Manaflını cəzalandırıb.

Futbolinfo.az xəbər verir ki, onun danışılmış oyunların mərcə qoyulmasında iştirakı bəlli olub.

Bu səbəbdən Moldovanın paytaxtı Kişinyovda keçirilən “Deyvis Kap” turniri zamanı onun telefonuna baxış keçirilməsi istənilib. Lakin o, telefonunu verməkdən imtina edib. Bu səbəbdən Y.Manaflı 11 iyundan etibarən bütün yarışlardan müvəqqəti diskvalifikasiya olunub.

Sözügedən şəxs Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Orxan Manaflının atası və federasiyada koordinator vəzifəsində çalışır. O, Azərbaycanda ənənəvi olaraq keçirilmiş Dünya Tennis Turu turnirinin direktoru da olub. Bu diskvalifikasiya Dünya Tennis Turu, WTA, ATP, “Böyük Dəbilqə” və ya Azərbaycan Tennis Federasiyası tərəfindən təşkil edilən yarışlarda oynamaq, məşqçi olmaq və ya iştirakı ehtiva edir.

Y.Manaflı müvəqqəti diskvalifikasiya qərarından Tennis Anti-Korrupsiya Proqramı (TACP) çərçivəsində fəaliyyət göstərən Anti-Korrupsiya Dinləmə Məmuru (AHO) Filipp Kavalyerosa apellyasiya şikayəti edib. Lakin apellyasiya “əsaslı dəlil olmadığından” rədd edilib.

Əldə etdiyimiz məlumata görə, bunadək cəzalandırılmış tennisçilərdən biri dindirilmə prosesi zamanı Yalçın Manaflının da adını çəkib. Orada Manaflının mərc kontorlarında iştirakı bildirilib. Hazırda məsələ ilə bağlı araşdırma davam edir. Araşdırma yekunlaşdıqdan sonra cəzanın müddəti və cərimənin məbləği açıqlanacaq.

Qeyd edək ki, Yalçın Manaflı koordinator kimi 10-13 iyunda Moldovanın paytaxtı Kişinyovda keçirilmiş “Deyvis Kap”da iştirak edib. Həmin turnirdə millimiz ata-oğul Manaflıların rəhbərliyi altında Tamerlan Əzizov, Kənan Qasımov, Nazim Məlikov və Elvin Həşimovla təmsil olunub.

Komandamız A qrupunun oyunlarında Latviyaya və İrlandiyaya 0:3, Monteneqroya isə 0:2 uduzub. Daha sonra komandamız digər qrupun 3-cüsü ilə görüşdə Gürcüstana da 0:2 yenilib və turnirdə Kosovo ilə birgə sonuncu olub. Yalçın Manaflı Latviya ilə oyunda iş başında olsa da, digər matçlardan sanksiyaya görə uzaqlaşdırılıb.

Xatırladaq ki, Azərbaycan Tennis Federasiyasının prezidenti Ənvər Ənvərlidir. O, mayın 1-də bu federasiyaya prezident seçilib. Ə.Ənvərli Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu və “Efendiler Group”un rəhbəri kimi tanınır. (Prosport.az)

Shares: