Ölkə futbolu
Abasov öz ampluasında: qovulmaq üçün daha bir səbəb

Samir Abasov özünü “Neftçi”dən qovdurmaq üçün hər şey edir. Komanda qalib gələndə hər şey yaxşıdı, uduzan kimi özündən başqa hamını günahkar bilir.
Bakılıların baş məşqçisi ilə bağlı durum aydındı. Rəhbərlik indiyə kimi ona yeni müqavilə təklif etməyib, yay planları müzakirə olunmayıb. Çempionatın ardınca ölkə kubokunda yenilgidən sonra ona etimad limiti tükənib. Növbəti 2 tur Abasovun vida matçları olacaq.
Samir bəy uğursuzluğu normal analiz etsəydi, bəlkə də onu dəstəkləyən olardı. Lakin çətin məqamda dəfələrlə rəhbərliyi, futbolçuları hədəfə gətirən məşqçi indi də azarkeşlərlə problem yaşamağı lazım bildi. Onun Qəbələdə verdiyi açıqlamaları çətin ki, fanatlar bağışlasın. Artıq sosial şəbəkələrdə tənqidlər, iradlar, təhqirlər sıralanır.
Abasov son məğlubiyyətə görə azarkeşlərin onu istefaya səsləməsinə münasibət bildirərkən bunları dedi: “Onlar həyatda mövqeyi olmayan insanlardır. Onlar ötən mövsüm yanımızda fırlanırdılar. Bir neçə ay öncə məni göyə atan adamlardır. Məni buraya azarkeşlər gətirməyib. Klub nə qərar versə, o da olacaq. Azarkeş heç nəyi həll etməyəcək. Boş verin, getsin”.
Məhlə uşaqlarına məxsus jarqonla danışan birinə “Neftçi”nin baş məşqçi postu yaraşmır. “Yanımızda fırlanırdılar” nə deməkdi? Klub rəhbərliyi bu açıqlamaya aydınlıq gətirməsi üçün məşqçiyə təsir etməli və ya özləri münasibət bildirməlidilər. Azarkeşləri “mövqeyi olmayan insanlar” deməklə təhqir etməyin mütləq bir cavabı olmalıdı. Bunu rəhbərlik etməsə, növbəti turlarda fanatlar özləri tribunada edəcək. Ola bilsin, bu açıqlamaya biganə qalan rəhbərliyi də topa tutacaq.
Azarkeşlərin mövqeyi ən azı Samir bəyin özünün mövqeyindən daha çox bəllidi. Onlar komandanın uğurunu istəyir və bunun üçün Qəbələ səfərinə də yollanmışdılar. Səfərin əziyyətinə qatlaşıb komandanı tək qoymamışdılar və komandanı dəstəkləyirdilər. Abasov cibini, karyerasını düşünərək bu yoldadısa, azarkeşlər gözəl futbol izləmək, komandanı dəstəkləmək üçün tribunaları doldurur.
Təhqir edilən azarkeşlərin uğursuz məşqçini istefaya səsləməsi tam haqlarıdı. Bəlkə də Samir bəy day-daylarına arxayın olub azarkeşlərin sözüylə istefaya göndərilməyəcəyini deyir. Lakin bu dəfə belə olmayacaq. Onsuz da mövsüm uğursuz bitir, üzərinə bu açıqlamaları da gəlsək, Abasovu kimsə xilas etməyəcək.
Azarkeşlərin məşqçiylə şəxsi ədvəti yoxdu, hətta ən çətin anlarda rəhbərliyi tənqid edərək, Abasova dayaq durublar. Zaman isə göstərdi ki, Samir bəyin günah payı hamıdan çoxdu. Fanatlar “Qarabağ”la səviyyə, maliyyə fərqini gözəl anlayır, odur ki, çempionluq yox, yaxşı oyun istəyir. Amma komanda meydanda sürünür, adına layiq olmayan futbol sərgiləyir. Aylardı nəticələrin aldadıcı olduğunu yazırdıq, nəhayət, Qəbələdə sabun operası bitdi, bərbad futbol məğlubiyyətlə nəticələndi.
Samir bəyin büdcəylə bağlı şikayətləri o vaxt əsaslı olardı ki, komanda yalnız bu baxımdan geridə olduğu “Qarabağ”a uduzsun. Lakin bakılılar maliyyə baxımından 10 qat üstün olduğu “Qəbələ”yə yenilib, kubokda “Zirə”yə boyun əyib. Deməli, maliyyə heç də ən vacib amil deyil.
Həm də “Neftçi”nin kifayət qədər yaxşı büdcəsi var idi və onu məhz Samir bəy havaya sovurdu. Yayda Abasovun istəyi ilə gətirilən oyunçular hardadı? Əcnəbilər mövsüm bitməmiş, bəziləri qışda yola salınıb, məşqçinin israrı ilə 100 min dollar ödənilərək gətirilən Xəyal Nəcəfov ehtiyatda çürüdülür. Bütün bunlar məşqçinin bərbad seleksiyasının nəticələridi və büdcə söhbətləri boş bəhanələrdi. Maliyyəni dağıdan adam, indi onun azlığından dəm vurur, azarkeşləri təhqir edir.
Samir bəyin “Neftçi” karyerası bu açıqlama ilə bitdi. Onun postunda qalma şansı bəlkə də var idi, lakin azarkeşlərlə problemi ona bağışlamayacaqlar. Rəhbərlik danışığını bilməyən, özündən başqa hamıda günah görən, çətinə düşəndə başqalarını qurban verməyə tələsən məşqçiylə yola davam etmək istəməyəcək. Davam etsələr, azarkeş qəzəbi onlara da yönələcək. Zaman fanatları qarşısına alanların aqibətinin necə olduğunu dəfələrlə göstərib.
CAVAD


- Ölkə futbolu2023-05-23 20:41
Şeydayevin başqa müştəriləri də var imiş
- Ölkə futbolu2023-05-24 08:30
Qurban Qurbanov Jan Borotra fəxri diplomuna layiq görüldü
- Ölkə futbolu2023-05-24 15:45
“Qarabağ” üçün maraqlı xəbər: Lunyov Rusiyaya qayıtmayacaq
- Ölkə futbolu2023-05-25 08:30
Şeydayev kəndlilərin komandasında: növbəti uğurlu azad agent ovu