Müsahibə
Aftandil Hacıyev: “Millidə layiqincə çalışa biləcək məşqçilərimiz var”

“Səbail”in sabiq baş məşqçisi Aftandil Hacıyevin futbolinfo.az saytına müsahibəsi
– Azərbaycan yığması Millətlər Liqasının qrup mərhələsinin son iki oyunu çərçivəsində bu gün Slovakiya, sentyabrın 25-də isə Qazaxıstanla qarşılaşacaq. Bu matçlardan nə gözləyirsiniz?
– Səhv eləmirəmsə, iddiamız azdır, demək olar ki, yoxdur. Bu iki görüş növbəti seçmə mərhələdə kimlərlə yola davam etmək, heyətin formalaşması baxımından yaxşı fürsətdir. Yeni futbolçuların üzə çıxması, oyun sisteminin inkişafı indi daha vacibdir. Təbii ki, qələbə qazanmaq da yaxşıdır. Bununla yanaşı, sadaladığım məqamlara, futbolçular arasında anlaşmanın yaxşılaşdırılmasına daha çox diqqət ayırmaq lazımdır. Bu gün qrupda qələbə bizə heç nə vermirsə, Slovakiya və Qazaxıstanla matçlarda ən azı dediyim amilləri yaxşılaşdırmaq olar. Eyni zamanda inanıram ki, komandamız bu oyunlarda ən azı məğlub olmayacaq.
– “Qarabağ”ın 10 futbolçusunun milliyə çağırılması, onsuz da, sıx təqvimdə oynayan Ağdam klubunun işini çətinləşdirməyəcək?
– Ən çətin elə onlara olacaq. Bir futbolçu üçün üç turnirdə çıxış etmək heç də asan deyil. Amma bu cür qrafikə alışmalıdırlar. Düşünürəm ki, artıq öyrəşiblər də. Ardıcıl bu qədər oyunun olmasından ən çox “Qarabağ” zərər görə bilər. Çünki millinin oyunlarının ardından yenidən ağır qrafikdə çıxış etməyə başlayacaqlar. Millidən kimlər sağlam gələcək, kimlər hansı formada gələcək? Bunlar “Qarabağ”a disbalans yarada bilər. Ancaq istənilən halda milli qürurumuzdur, bu komandanın formasını geyinmək çox önəmlidir. Yığma uğrunda çalışmaq hər birimizə şərəfdir. Buna görə də hər kəs oyunlarda canla-başla vuruşmalıdır.
– “Qarabağ”ın ən yaxşı forma yığan futbolçusu Qara Qarayevin dəvət almaması sizi təəccübləndirmədi?
– Qara bizim ən təcrübəli oyunçumuzdur, kapitanımızdır, millinin ən vacib üzvlərindəndir. Ancaq seçim edən məşqçilərin də öz baxışları, kriteriyaları var. Təbii ki, Qara son matçlardakı performansla hələ də milliyə fayda verə biləcəyini göstərdi. Ancaq kənarda qalmasına millinin məşqçiləri daha düzgün fikir bildirə bilərlər. Baxışdan çox şey asılıdı.
– Qarşıdakı iki oyundan sonra baş məşqçi Canni de Byazinin müqaviləsi başa çatacaq. Sizcə, bundan sonra da onunla yola davam edilməlidir, yoxsa italiyalının qalmasının bir mənası yoxdur?
– Millinin baş məşqçisinin qarşısına qoyulan məqsədləri bilmək lazımdır. Əgər qrupdan çıxmaq hədəfi qoyulubsa, buna nail ola bilməyiblər. Bəlkə gələcəklə bağlı planlar qurulub, gənc oyunçularla qarşıdakı turnir üçün güclü heyət formalaşdırmaq niyyətindədirlər. Qiymət verməzdən əvvəl bunları bilmək vacibdir. Heç bir məşqçidən qarşısına qoyulan hədəfdən artığını tələb eləmək doğru deyil.
– Millinin növbəti baş məşqçisi yenə əcnəbi olmalıdır, yoxsa yerli mütəxəssislər bu işi görməyə hazırdırlar? Məsələn, sizə təklif gəlsə, cavabınız nə olar?
– Özüm haqda fikir bildirməyim doğru deyil. Bu gün kifayət qədər həm gənc, həm də təcrübəli məşqçilərimiz var. Mən də daxil olmaqla, hər birimiz millidə çalışmağa daim hazırıq və bu işi şərəflə görməyi özümüzə borc bilərik. İndiki məşqçi ilə müqayisə aparmaq istəməzdim. Növbəti çalışdırıcının nə qədər xal toplayacağı barədə fikir bildirmək çətindir. Çünki püşkatmada düşəcək rəqiblərdən də çox şey asılıdır. Onu deyə bilərəm ki, millidə layiqincə çalışa biləcək məşqçilərimiz var.
CAVAD

- Dünya futbolu2023-12-02 23:00
Şahruddin 3 qola üzüldü, “Qalatasaray” inamlı qələbəyə sevindi
- Premyer-liqa2023-12-03 17:51
“Hakim səhv edir, məni cəzalandırırlar” – Murad Musayev
- Dünya futbolu2023-12-02 21:58
AÇ-2024-ün final mərhələsinin püşkü atıldı
- Premyer-liqa2023-12-03 18:58
“Neftçi” “Zirə”yə qalib gəldi