Digər idman növləri
“Alyans” qapıçısız qaldı, oyuna gəlmədi
Futzal üzrə ölkə çempionatının Yüksək Liqasında ikinci dövrənin sonuncu turu bir matçın keçirilməməsi ilə yadda qaldı. Artıq xəbər verdiyimiz kimi, “Alyans” – “Baku Fair” matçı baş tutmadı.
Futbolinfo.az xəbər verir ki, buna Lənkəran təmsilçisinin təyin olunan vaxtda meydana çıxmaması səbəb oldu. Oyunun yekun nəticəsi ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək.
“Alyans”ın hansı səbəbdən oyuna gəlmədiyini dəqiqləşdirməyə çalışdıq. Klubdan heç kimi tapmadıq, əvəzində Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla danışdıq: “Bizə hələ ki, hansısa rəsmi səbəb deyilməyib. Sadəcə, ehtimal edirəm ki, bu, oyunçu çatışmazlığı ilə bağlıdır. “Alyans”ın iki qapıçısı var, onlardan biri cəzalıdır, digəri isə zədələnib. Bizə oyunun təxirə salınmasının mümkünlüyünü öyrənmək məqsədi ilə şifahi məlumat vermişdilər. Lakin hətta rəsmi müraciət də etsəydilər, reqlamentə görə bu, mümkün deyildi. Oyunun təxirə salınması üçün Əsasnamədə göstərilən səbəblər əsas götürülür. Komandanın oyunçuları zədəli və ya cəzalıdırsa, buna görə təxirəsalma olmur”.