Ötən gün milli komandamız Belçika ilə matçda 0:5 hesablı darmadağınla tarixinə daha bir böyükhesablı məğlubiyyət yazdı. Aciz görünən yığmamız bununla həm də İsveç üzərindəki qələbənin təsadüfi olduğunu göstərdi.

Matçdan sonra komandamızın baş məşqçisi Canni de Byazi məğlubiyyəti təsadüfi İsveç qələbəsi ilə ört-basdır etməyə çalışdı. Bu azmış kimi italiyalı mətbuat konfransında media işçilərinin təhqir etməklə bir az da özünü gözdən saldı.

Millimizin məğlubiyyəti və Canni de Byazinin dedikləri barədə fikirlərini öyrənmək üçün yığmanın keçmiş üzvlərinə suallar ünvanladıq:

Rauf Əliyev: “0:5 hesablı məğlubiyyəti gözləmirdik. Düzdür, bu cür hesabın olmasında Eddi İsrafilovun qırmızı vərəqə alması böyük rol oynadı. Çox dəxlisiz vərəqə idi, heç nədən ikinci sarı vərəqəni də gördü. Artıq sənin “sarı”n var və bunu bilə-bilə topa o cür getmək səviyyəli futbolçunun edəcəyi hərəkət deyil. “Neftçi” kimi klubda oynayan oyunçu düşünməli idi. Ondan sonra bəlli idi ki, belə olacaq. Canni de Byazinin jurnalistlərə “axmaq” deməsi mənə də çox pis təsir etdi. Yığma komandanın sabiq üzvü kimi bu açıqlamaya əsəbiləşdim. De Byazi kimdir ki, jurnalistlərimizi təhqir etsin. Kaş ki, mediamız onun cavabını yerində verərdi. Artıq onun Azərbaycan yığmasında qalması doğru deyil”.

İlkin Qırtımov: “Belçika güclü rəqib idi. Onlara qarşı səhv etmək olmazdı. Son oyunlarda yaxşı komanda oyunu göstərirdik. Amma rəqib çox aqressiv başladı. Hesabın böyük olmasında qırmızı vərəqənin 60-70 faizlik rolu var. Çünki komanda oyundan qopdu. De Byazinin dediklərinə gəlincə, hər nə qədər əsəbi olsa da, həddi keçməməliydi. Təriflədikləri kimi jurnalistlərin tənqid etmək haqqı da var”.

Elvin Məmmədov: “Acı məğlubiyyət oldu. Açığı, bunu gözləmirdim. Evdə İsveçə qarşı parlaq qələbə qazanmışdıq. Milliyə çağırılan hər futbolçunun öz yeri var, amma Bəhlul Mustafazadə və Ramil Şeydayevin yeri görünürdü. Onlara 0:1, 0:2 hesablı məğlubiyyətə heç kim heç bir şey deməzdi. Çünki Belçika futbol olaraq bizdən daha üstündür – bu, hər kəsə bəllidir. Hesabın böyük olmasında qırmızı vərəqənin də rol var idi. Belə də yaxşı oynamadıq. De Byazinin jurnalistlərlə bağlı açıqlamasına təəccbüləndim, baş məşqçi bunu etməməlidir. Uduzursan da, udursan da, bu futboldur. Ona uyğun cavab verməlisən. O, hörmətsizlikdir, jurnalistlər onun cavabını verəcək. İllərdir ki, baş məşqçi kimi işləyən biri bunu etməməli idi”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp