Yevlax rayonunda ağır avtomobil qəzası baş verib.
Futbolinfo.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, daha beş nəfər xəsarət alıb.
Tanrıqulular kəndində “Opel” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Elmin Vilayət oğlu Süleymanov, 1984-cü il təvəllüdlü Babayev Rəsul Sərvan oğlu, 1974-cü il təvəllüdlü Haşımov Ceyhun Səfər oğlu, 1999-cu il təvəllüdlü Abdullayev Asif Abdulla oğlu və 1984-cü il təvəllüdlü Rəcəbov Rövşən Kərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Xəsarət alanlar futbol üzrə Azərbaycan Birinci Divizionunun 14-cü turu çərçivəsində bu gün keçirilmiş “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununa təyinat almış hakimlər və hakim-inspektordur. Belə ki, “Qaradağ Lökbatan”ın 2:0 qalib gəldiyi oyunda Rövşən Rəcəbov baş hakim olubsa, Elmin Süleymanov və Asif Abdullayev yan xətt hakimi, Rəsul Babayev isə dördüncü hakim kimi fəaliyyət göstərib. Ceyhun Haşımov isə bu matçın hakim-inspektoru olub. Hadisə onlar oyundan sonra Bakıya qayıdarkən baş verib.
Faktla bağlı araşdırma davam etdirilir.