Digər idman növləri
Bakıda voleybol məşqçiləri üçün beynəlxalq seminar

Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar start götürüb. Beynəlxalq Voleybol Federasiyası (FİVB) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə baş tutan FİVB-nin “Level 2” seminarı sentyabrın 15-dək davam edəcək.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan tədbirə türkiyəli Cengiz Akarçeşmə rəhbərlik edir. Yerli və xarici mütəxəssislərin iştirak etdiyi seminarda Akarçeşmənin köməkçisi daha öncə FİVB-nin məşqçilik sertifikatı almış, çimərlik voleybolu üzrə məşqçi Nihad Tanriverdiyevdir.
Nəzəriyyə və təcrübədən ibarət seminarın son günü imtahan təşkil ediləcək və bu mərhələni uğurla keçəcək mütəxəssislərə FİVB-nin Level 2 dərəcəli beynəlxalq sertifikatı veriləcək.
Qeyd edək ki, 3-7 iyul tarixlərində Bakıda FİVB-nin Level 1 seminarı keçirilib. Noyabrda isə ölkəmizdə FİVB “Level 3” beynəlxalq seminarının təşkili nəzərdə tutulub.
