Dünya futbolu
“Barselona” uruqvaylıları FİFA ilə hədələdi

“Barselona” Uruqvay millisindən şikayətçidi. Səbəb Ronald Arauxonun tam sağalmadan oynadılma ehtimalıdı.
Kataloniya klubuna məxsus olan müdafiəçi sentyabrın 23-də Uruqvay millisinin bir yoxlama matçında zədə almışdı. Həmin vaxtdan bəri meydana çıxmayan Arauxo gözlənilmədən mundiala aparıldı. Futbolçu sağalmaq üzrədi, amma hələ tam hazır deyil.
“Barselona” da elə bundan ehtiyat edir. Kataloniya klubunun həkimləri millidəki həmkarlarının oynaya bilməsi üçün Ronaldı iynələr hesabına “ayağa qaldıra biləcəklərindən” narahatdı. Belədə futbolçu tam sağalmadan oynaya və daha uzun müddətə sıradan çıxa bilər.
Bu ehtimalları nəzərə alan “Barselona” növbəti dəfə Uruqvay Futbol Federasiyasına müraciət edib. Arauxo xoşagəlməz aqibətlə üzləşsə, klub FİFA-ya şikayət edəcəyini bildirib.
