Ölkə futbolu
Cəza olmayacaq: PFL özü belə istəyib
“Zirə” – “Sabah” matçı boz tribunaların, beton divarların əhatəsində oynanıldı. “Dalğa Arena”ya təsadüfən gələn biri bu matçın Premyer Liqa, yoxsa sıradan yoxlama oyunu olmasının fərqinə varmazdı. Nə meydan sahibi kluba, nə də yarışın təşkilatçısına, sponsoruna aid bannerlər, reklam lövhələri yox idi.
Halbuki bununla bağlı ciddi tələblər var. Belə ki, stadionda olan banner yerlərinin minimum 25 faizi çempionatın təşkilatçısı olan Peşəkar Futbol Liqasına (PFL) məxsusdu. Bu qaydalara riayət etməyənlər ciddi cəzalanır.
Məsələni aydınlaşdırmaq üçün PFL-ə müraciət etdik. Təşkilatçı qurum belə durumdan məmnun olmamalıdı. Amma sən demə, belə vəziyyətin ortaya çıxmasında sözügedən qurumun da rolu var.
PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov məsələyə aydınlıq gətirdi: “Bizdə yeni sponsorla – “Misli” ilə əməkdaşlıq müqaviləsi imzalandı. Anlaşma çempionatın startından sonra baş tutduğundan belə vəziyyət yarandı. Hazırda yeni bannerlərin hazırlanması yönündə işlər gedir, tezliklə hər şey yoluna düşəcək. Biz klublara bu barədə məlumat vermişik”.
Abbasovun sözlərindən aydınlaşır ki, PFL bannerlərinin stadionda yer almaması klubların günahı deyil, deməli, hansısa cəza da olmayacaq. O ki qaldı, klubların öz reklam lövhələrinin unudulmasına, bunun da səbəbi var. “Zirə” müvəqqəti olaraq Mərdəkanda məskunlaşıb. Klubun öz stadionunda təmir işlərinin yekunlaşması yubandığı üçün “Dalğa Arena”ya 1-2 oyunluq qonaq olan qəsəbə təmsilçisində bu baxımdan problem yoxdu.
Klubdan aldığımız məlumata görə, yeni mövsüm üçün reklam lövhələri yenilənib və qəsəbə stadionunda hər şey yüksək səviyyədə olacaq. Mərdəkanda daha bir oyun keçirəcək komanda üçün bu durum müvəqqəti xarakterlidi.