Ölkə futbolu
Daha “Zirə”k “Qarabağ”
İlk baxışdan final matçını oynamadan da ölkə kubokunu “Qarabağ”a vermək olardı. Ağdamlılar daxili yarışlarda rəqiblərindən aşkar üstündü və bütün yarışların favoritidi. Bu səbəbdən komandanın “qızıl dubl” edəcəyi gözlənilirdi. Lakin dünən “Zirə” sübut etdi ki, Qurban Qurbanovun yetirmələrinə də qarşı birşeylər etmək olar.
“Qarabağ” çox əla mövsüm keçirdi, layiq olduğu nəticələri qazandı. Qaliblər mühakimə olunmur, hətta finalda işin penaltilər seriyasına kimi uzanması da ağdamlıların üstünlüyünə şübhə yeri qoymurdu. İş lotoreyaya qədər davam etdi və burada da bəxt güclünün tərəfində oldu.
“Zirə” də çox yaxşı mövsümlə yadda qaldı. Komanda ilk titulun astanasından dönsə də, finala yüksəlmək, üstəlik, bürünc medalçı olmaq Rəşad Sadıqovun mövsüm boyu çəkdiyi əziyyətin, qurduğu komandanın əzmkar mübarizəsinin nəticəsi idi. Geniş olmayan heyətlə əldə edilən uğur daha şirindi.
Xüsusilə final matçına görə Sadıqovun gündəliyinə yağlı “5” yazmaq lazımdı. Gənc məşqçi dünən “Qarabağ”a qarşı necə oynamaq lazım olmasının nümunəsini göstərdi. Rəşad bəy dostunun komandasına qarşı dərsinə əla çalışmışdı, düzgün analizlərin yekununda oynatdığı futbol ən azı uduzmamaq üçün yetərliydi.
Sadıqov “Qarabağ”a oynamaq imkanı verməmək üçün çox çalışdı, cinah hücumçuları sayəsində qanadları bağladı, orta sahədə də rəqibin ötürmə trafikini maksimum əngəllədi. Rəqibə göz açmağa imkan vermədən onu səhvə təhrik etmək əlavə ustalıq tələb edirdi. Və “Qarabağ” bu tələyə düşdü – Maksim Medvedevin səhvindən sonra hesab açılanda “Zirə”nin planı işləməyə başladı.
Ağdamlılar oyunda üstünlüyə sahib olsa da, epizodları qola çevirə bilmirdi. Sanki “Zirə”nin yüksək konsentrasiyanı itirəcəyi anı gözləyirdilər. Və bu epizod 69-cu dəqiqədə reallaşdı. Qismət Alıyev zədələnib komandasını qısa müddətdə azlıqda qoydu və məhz bu futbolçunun nəzarət etməli olduğu Abdullah Zubir əldə etdiyi kiçik azadlıqdan maksimum yararlandı. Bu, oyunun qırılma anlarından biri idi. Bəxtsizlik “qartallar”ın qanadını qırdı.
Bununla belə, “Zirə” oyunu əlavə vaxta, penalti seriyalarına kimi uzada bildi. Burada isə artıq futbolçuların ustalıq səviyyəsi rol oynayırdı. Ən çox qol gözlənilən iki oyunçu – Davit Volkovla Kadi Borges qarşılıqlı səhvlər etdi, digərləri dəqiq oynadı. Sərtan Taşkının “çərçivə”yə düşə bilməməsi isə sürprizin qarşısını aldı.
Bəlkə də “Zirə” titulu oyunun 40-cı dəqiqəsində əldən verdi. Hesabda öndə olarkən qəsəbə təmsilçisinin futbolçusu Təmkin Xəlilzadənin zərbəsini inanılmaz qurtarışla dəf edən Şahruddin Məhəmmədəliyev rəqibin ciddi üstünlük qazanmasını əngəllədi, eləcə də oyundaşlarına ruh verdi. Yekunda oyunu ilə zatən “Qarabağ”ı təəccübləndirən “Zirə” titula həsrət qaldı, amma sabah üçün ümidləndirdi. Komanda quruculuğu davam etsə, heyət ciddi şəkildə güclənsə, növbəti mövsüm daha yaxşı mübarizəyə şahid olacağıq.
İndi isə hamı “Qarabağ”ı təbrik etməlidi. Avrokuboklardakı əsas ümidimizə ölkə daxilində daha layiqli rəqiblər arzulayırıq ki, ağdamlılar da tonusda qalsın.
FƏRİD