Layihə
DÜNƏNDƏN SABAHA: Yeni layihəyə başlayarkən…

Birinci yazı
Həvəskar səviyyədə belə idarə olunmayan Azərbaycan futbolunda “akademiya”, “uşaq futbolu” deyə-deyə illər bir-birini əvəzləyir. Araşdırmalar, yerli mühitə, şəraitə, milli və futbol mentalitetinə uyğun praktik/işlək layihələrin hazırlanmaması futbolu uçuruma sürükləyib. Ancaq intriqalar, bütün mümkün vasitələrdən istifadə edib futbol vəzifələrinin qorunması, şəxsi məqsədlər, kağız üzərində 200 min “futbolçu”…
Almaniya kimi aparıcı futbol ölkəsində federasiya klubları “yükləyib” “akademiya” deməklə kifayətlənmir. Futbol qurumunun özünün uşaq futbolunun inkişafına dair 12-16 yaş arası xüsusi proqramı var və ölkə üzrə təyin edilmiş məşqçilər yaş qruplarını daimi məşqlərlə təmin edir, şəhərlərdə, regionlarda istedadlar axtarılır. Akademiyalarla yanaşı, bütün mövcud klubların uşaq futbol qrupları da əlavə fəaliyyət göstərir. Təsadüflərə deyil, futbol oynamış, karyerasını bitirmiş insanlara üstünlük verilir. Lippertlər AFFA-da milyonlar qazandı, havadarları ilə birgə heç olmasa, Almaniya uşaq futbolunun nəzəriyyəsinin nümunələrini Azərbaycan futboluna aşılaya bilmədi.
Akademiyaların olması müasir futbolun tələblərindən biridir, lakin uğurun tam təminatçısı deyil. Azərbaycanda, klublarımızda 50 ildən sonra da dünya nəhəngi “Bavariya”nın uşaq-gənclər futboluna yaratdığı imkanlardan yüksək şərait olmayacaq. İki-üç il öncə klub əlavə 70 milyon(!) avro dəyərində 30 hektarlıq sahədə yeni akademiya da inşa etdirib. Buna baxmayaraq, son 10 ildə münhenlilərin əsas heyətində sırf öz yetirməsi olan bir futbolçu əsas heyətdə möhkəmlənib. Ən yaxşı halda 16-17 yaşlı istedadlar kluba cəlb edilərək vəziyyətdən çıxmağa çalışılıb. Bu da futbolçu yetişdirməsindən daha çox, skaut/seleksiya işinin daha üstün olmasının göstəricisidir.
Yeniyetmə, gənc yaşlarında özünü göstərən futbolçuların gələcəkdə parlayacağı kimi bir zəmanət yoxdur. Vaxtilə Xosep Qvardiolanın “Bavariya”da komandaya cəlb etdiyi bir çox gənc futbolçular indi Almaniya, Avstriyanın 4-cü liqasında çıxış edirlər. Zədə, potensialın açılmaması, inkişaf etməməsi, xarakter, ailə, yaşadığı mühit və digər faktorlar futbolçunun karyerasına öz təsirini göstərir.
Futbolda konveyer sistemi mütləqdir. Keyfiyyətli ardıcıllıq təmin edilmədən, klub(lar), milli, ölkə futbolu 3-5 futbolçunun əlində qalmış olur. Rəqabətin olmaması tək səviyyənin yerində sayması, aşağı düşməsi deyil, digər fəsadlara, daxildə qruplaşmalara, yersiz “söz sahibliyi”nə də yol açır.
Nə qədər məşq edirsənsə et, futbolçu keyfiyyəti meydanda görünür. Bunun üçünsə yüksək səviyyəli yarışlar olmalı, təşkil edilməlidir. Qeyd olunanların hamısı bir-birinə bağlı, bir-birini tamamlayan məsələlərdir. İnfrastruktur, məşqçi/kadr seçimləri, bacarığı, ümumi təşkilatçılıq, uşaq futbolundan peşəkarlığa kimi sistem ardıcıllığı, hər sahədə, mərhələdə irəliləyişin təmin edilməsi…
Əgər Almaniyada, bir vaxtlar yetirmələri ilə öyünən, top-klublardan biri olan “Bavariya”da, hansısa boşluqlar verilərək gələcək nəsil futbolçu problemi, narahatlığı yaşanırsa, Azərbaycanda, son 10 ildə ən çox futbolçu hazırlayan klublardan biri/birincisi olmuş “Bakı”nın stadion-bazası yerlə bir edilirsə, vəziyyətin nə yerdə olduğunu təsəvvür etmək çətin deyil. Azərbaycan futbolu acınacaqlı durumdadır.
“Uşaq futbolu” deməklə inkişaf olmur, əməli addımlar atılmalıdır. Ötən illərin uşaq futbolu təhlil edilməlidir ki, sabaha ümid yaransın.
15 il öncə Azərbaycan futbolunun gələcəyinə, yəni, bu gününə böyük ümid var idi. Dövlət Proqramı qəbul edilmişdi, stadionlar, bazalar tikilirdi, imkanlı sponsorların, iş adamlarının sayəsində iddialı klublar yaradılırdı – bir çoxu da bölgələrdə…
Klublar uşaq futbolu ilə də bağlı böyük işlər görürdü. “Bakı”, “Qəbələ” akademiyaları nümunə idi. “Xəzər Lənkəran”, “İnter”, “MKT-Araz”, “Kəpəz”, “Turan” gələcək nəsilə öz qayğısını əsirgəmirdi. “Neftçi” ənənəvi olaraq istedadları kluba cəlb edirdi. “Simurq”un olması Zaqatalada uşaqların futbola gəlişini təmin edirdi. Digər klublar da geri qalmamağa çalışırdı.
AFFA klubların tempi ilə ayaqlaşa bilmirdi. Futboldakı pərakəndəlik komandaların sistemsiz fəaliyyətini şərtləndirirdi. Uşaq futbolundan, yarışlardan danışmağa dəyməzdi. Keçmiş sovetlərdən qalan, dağılmış, yaddan çıxmış mexanizm üzərində qalmışdı uşaq futbolu. Günün tələblərinə cavab verməyən kiçik turnirlərlə kifayətlənilirdi.
2005-ci ildə Dövlət Proqramının qəbulu ilə futbolun dirçəlməsi üçün mükəmməl imkanlar yaranmışdı. İnfrastrukturun yaradılması ilə futbolun digər təməl prinsiplərindən olan uşaq futbolunun da qapıları açılmışdı.
Assosiasiya yatmışdı. Köhnədən qalanlarla federasiyaya yeni gələnlərin heç bir proqramı yox idi. Bu barədə heç düşünülmürdü. Düşünənlər, yenə AFFA-dan kənarda qalmışdı. Futbol “başsız atlı” kimi öz axarına buraxılmışdı.
İllərimizi futbola həsr etsək də, uşaq futbolunu yenidən araşdırdıq. Dəhşətli mənzərə üzə çıxdı. Keyfiyyət bir tərəfə, nazirlik, idman idarələri xətti ilə 14 yaşdan başlayaraq birtəhər yarışlar keçirilirdi, şəraitdən danışmağa dəyməzdi. Komandalar forma, top üzünə həsrət qalmışdılar…
Yeniyetmə, keçid yaşına qədər nəzarətsiz qalan uşaq futbolunda “lipa”laşdırma tüğyan edirdi. Qeydiyyat yox, yoxlanış yox. Futbolun/idmanın içində olanlar yaxşı bilir, uşaqlar kişiləşmə dövrünə qədəm qoyanda, fərqli inkişaf mərhələsi keçirlər. Elə uşaq olur 13-14 yaşında iki-üç yaş böyük görünür, bığlarının yeri tərləyir, elələri də olur, əksinə, azyaşlı kimi qalırlar. Yarışların lazımı səviyyədə keçirilməməsini də əlavə etsək, yaşazaltma virusu futbolun iliyinə kimi işləmişdi. 2-3 yaş fərqinin düzəldilməsi adi hal almışdı.
Kiçik yaş qruplarında bir yaşın belə əhəmiyyətli dərəcədə təsir etdiyini hər kəs bilir. Hətta eyni ildə – yanvar və dekabr aylarında dünyaya göz açanlar arasında belə fərq yaranır. Vaxtilə “avqustdan sonra” anlayışı buna görə tətbiq edilirdi.
Ölkədə uşaq futbolundakı durumu tam analiz etdikdən sonra yeni bir layihənin hazırlanması zərurəti yaranmışdı. Hər bir incəlik nəzərə alınmaqla yeni bir iş ortaya qoyulmalıydı. AFFA(dakılar) bunu etməyəcəkdi…
(davamı olacaq)
TAHİR SÜLEYMANOV,
xüsusi olaraq futbolinfo.az üçün


