Müsahibə
Fərid Nəbiyev: “Hətta yuxarı pillələrə də qalxa bilərik”

“Kəpəz”in yarımmüdafiəçisi Fərid Nəbiyevin futbolinfo.az saytına müsahibəsi
– Ötən gün “Neftçi” ilə matçda heç-heçə etdiniz. 2:2 hesabı ilə başa çatan oyunu necə dəyərləndirirsən?
– Oyun çox maraqlı və gərgin keçdi. Bəlkə də Premyer Liqada uzun müddətdir ki, belə maraqlı oyun yox idi. Azarkeşlər matçdan zövq aldılar.
– Səncə, heç-heçə ədalətli nəticə idi, yoxsa qalib gəlməli idiniz?
– Düzü, hər iki tərəf çoxlu qol vəziyyətləri yaratdı. Sonda bir xalla kifayətlənməli olduq. Amma istənilən halda bu bir xal bizim üçün vacib idi.
– “Kəpəz” son oyunlarda inamlı təsir bağışlayır…
– Əslində, komandada özüninam çox yüksək səviyyədədir. Rəqiblərin adına baxıb çəkinmirik. Çox əziyyət çəkirik ki, həm qalibiyyətlə, həm də baxımlı oyunla azarkeşlərimiz sevindirək.
– Ümumiyyətlə, liqada artıq son mərhələ yaxınlaşır. Səncə, Premyer Liqadakı yerinizi qoruya biləcəksiz?
– Belə davam etsək, düşünürəm ki, hətta yuxarı pillələrdə də qərarlaşa bilərik. Bunun üçün yaxşı oyunumuzu davam etdirməliyik.
– Azarkeşlər növbəti mövsüm daha iddialı “Kəpəz” görmək niyyətindədir. Səncə, bu baş verəcək?
– Komandaya normal sponsorlar cəlb edilsə, niyə də olmasın? Gəncədə futbolu çox sevirlər. Ümid edirəm ki, yeni sponsorlar gələr və “Kəpəz” də yuxarı pillələr üçün mübarizə aparar.
– Növbəti oyunda “Səbail”i qəbul edəcəksiz. Bu matçda qələbə qazana biləcəksiz?
– Hər oyuna qələbə üçün çıxırıq. Rəqibdən asılı olmayaraq, 3 xal qazanmağa çalışırıq. “Səbail”lə görüş də eyni matçlardan olacaq.
– “Kəpəz”in heyətində fərqlənən futbolçulardansan. Orada davam etmək, yoxsa daha iddialı komandalara keçmək istəyirsən?
– Hələ ki, fikrimi “Kəpəz”ə yönəltmişəm.
CAVAD
