Layihə
Gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu – VİDEO

Ölkəmizdə həyata keçirilən mühüm tədbirlərdən biri də gənclərin sağlam ruhda böyüməsi, fiziki tərbiyə işinin düzgün qurulması, bədən tərbiyəsi və idmanın gündəlik məişətə daxil edilməsidir. Çünki birmənalı şəkildə demək olar ki, idmanla məşğul olmaq uşaq, yeniyetmə və gənclərin fizioloji və psixoloji sağlamlığı üçün əvəzsiz vasitələrdən biridir.
Yevlax rayonunda gənclərin bədən tərbiyəsinə və idmana kütləvi şəkildə cəlb olunmasında məqsəd fiziki cəhətdən hərtərəfli inkişaf etmiş, sağlam və Vətənin müdafiəsinə hazır olan, çətinliklərdən qorxmayan fəal cəmiyyət qurucuları yetişdirməkdir. Bu, onların hər bir çətinliyi aradan qaldırmağa qadir olan güclü, çevik və davamlı fərd kimi hazırlanması deməkdir.
Cüdo Azərbaycan idmanında vacib yerlərdən birini tutur.Yevlax rayonundada bu idman növünə uşaq, yeniyetmə və gənclərin marağı böyükdür. Bunun əsas səbəbi kimi milli komandamızın üzvlərinin Dünya, Avropa və Olimpiya oyunlarında qazandığı böyük uğurlardır. Xüsusən son illərdə Azərbaycan cüdosunda yetişən və beynəlxalq arenalarda sözünü deyən idmançıların çox olması uşaqların da bu yola qədəm qoymasına gətirib çıxarır.
Cəmiyyətdə hər bir fərd fiziki tərbiyənin sağlamlıq və sosial əhəmiyyətini uşaqlara anlaşılan şəkildə başa salarsa, uşaqların idmana olan münasibəti də müsbət yöndə dəyişər. Araşdırmalar göstərir ki, uşağın idmana münasibətinin hansı səviyyədə olmasını yoxlamaq üçün müşahidə və müsahibədən istifadə daha məqsədəuyğundur.
Bununla yanaşı, uşağın fiziki hərəkətləri yerinə yetirməsində valideynlər də maraqlı olmalıdırlar. Mütəxəssislər hesab edirlər ki, valideynlər övladlarına elə təsir göstərməlidirlər ki, onların idmana maraqları yüksək olsun. Uşağın yerinə yetirdiyi fiziki hərəkətlərin düzgünlüyündən və ya səhvliyindən asılı olmayaraq, onu həvəsləndirməlidirlər.
Sevindirici haldır ki, bu gün ölkəmizdə idmanın hərtəfəli inkişaf etdirilməsinə dövlət səviyyəsində yüksək qayğı var. Son illərdə regionlarda yeni idman infrastrukturu yaradılıb, mövcud olanlar əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Təsadüfi deyil ki, idmana göstərilən yüksək diqqət və qayğı nəticəsində ölkəmizdə yeni idmançılar nəsli yetişir və hər il bu idmançılar müxtəlif yarışlarda Azərbaycanımızı yüksək səviyyədə təmsil edərək çoxsaylı medallar qazanırlar. İnanırıq ki, idmana olan bu sevgi tezliklə onun daha da kütləviləşməsinə şərait yaradacaq.
BƏHRUZ MUSAYEV, Yevlax
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

