Misli Premyer Liqasında 2023/2024 mövsümünün maraqlı və rəqabətli keçdiyini söyləmək olar. Düzdür, çempionun kimliyinə artıq 28-ci turdan aydınlıq gəlmişdi. “Qarabağ” mövsümün əvvəlindəki xal itkilərinə rəğmən, qızıl medallara çətinlik çəkmədən sahib çıxdı. Başa çatan mövsümdə Premyer Liqada daha çox 2-4-cü yerlər uğrunda gərgin mübarizəyə şahidlik etdik.

Mövsümün ilk hissəsi ilə müqayisədə ikinci yarısı bu baxımdan daha rəqabətli alındı. Təsadüfi deyil ki, sezonun gedişində, əsasən də ikinci yarısında 2-ci yerin sahibi tez-tez dəyişdi. Bu yazıda elita iştirakçılarının qış fasiləsindən sonrakı çıxışına nəzər salacağıq.

Uduzmayan “Qarabağ”, qələbə üzünə həsrət “Qəbələ”

Əvvəlcə mövsümün 3-cü və 4-cü dövrələrinə ayrı-ayrılıqda nəzər salaq. 3-cü dövrədə ən uğurlu çıxış edən komanda “Qarabağ” olub. Qurban Qurbanovun yetirmələri qış fasiləsindən sonrakı ilk dövrədə aktivlərinə 25 xal yazdırıblar. Ağdam təmsilçisi bu qədər xalı 8 qələbə və 1 heç-heçənin hesabına əldə edib.

3-cü dövrənin ən uğurlu ikinci komandası “Sabah” olub. Həmin dövrəni 5 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə tamamlayan “bayquşlar” 9 oyuna 18 xal toplayıblar. Sıralamada 3-cü yeri isə 13 xalla iki komanda bölüşüb. Söhbət “Turan Tovuz” və “Kəpəz”dən gedir. Tovuzlular bu qədər xalı 3 qələbə və 4 heç-heçənin hesabına əldə etdikləri halda, gəncəlilər 4 qələbə və 1 heç-heçə sayəsində xal ehtiyatlarını artırıblar. Üçüncü dövrəni “Sumqayıt” və “Neftçi” 12, “Səbail” 11, “Zirə” 10, “Araz-Naxçıvan” 6, “Qəbələ” isə 2 xalla başa çatdırıb.

3-cü dövrənin ən çox qələbə qazananı “Qarabağ” (8), ən çox heç-heçə edəni “Zirə” və “Turan Tovuz” (4), ən çox uduzanı isə “Qəbələ” (7) olub.

“Qarabağ”ın uduzmadığı, “Qəbələ”nin isə qalib gəlmədiyi 3-cü dövrədə ən çox qol vuran komanda Ağdam təmsilçisi olub – 26 qol. Həmin dövrəni ən məhsuldar keçirən ikinci komanda “Kəpəz”dir – 18 qol. İlk “3-lüy”ü “Sabah” tamamlayıb – 14 qol. “Neftçi” və “Səbail” bu dövrədə rəqib qapılarına 13, “Turan Tovuz” 12, “Zirə” və “Qəbələ” 8, “Sumqayıt” və “Araz-Naxçıvan” isə 7 dəfə yol tapıbla.

3-cü dövrənin ən az qol buraxan komandası isə “Zirə” olub – 8 qol. Həmin dövrədə “Qarabağ” və “Sumqayıt”ın da qapı və müdafiə xətti pis təsir bağışlamayıb. Hər iki komandanı rəqibləri cəmi 9 dəfə məyus ediblər. “Sabah” və “Turan Tovuz” bu dövrədə 10, “Neftçi” 12, “Səbail” 14, “Kəpəz” 16, “Araz-Naxçıvan” 17, “Qəbələ” isə 19 dəfə mərkəzə dəvət edilib.

“Araz-Naxçıvan”ın çempionla eyni göstəricisi

Keçək mövsümün sonuncu dövrəsinə. 4-cü dövrədə özünü ən yaxşı tərəfdən göstərən komanda “Zirə” olub. Rəşad Sadıqovun yetirmələri son dövrədə 19 xal toplayıblar və buna 6 qələbə, 1 heç-heçə sayəsində nail olublar. Sonrakı ən yaxşı göstərici “Sabah” və “Sumqayıt”a aiddir. Hər iki komandanın 4-cü dövrədə yığdığı xal sayı 18-dir. “Sabah” 6 qələbə sayəsində buna nail olduğu halda, “kimyaçılar” 5 qələbə, 3 heç-heçə ilə eyni xala yiyələniblər. “Qarabağ” sezonun son dövrəsini 17, “Neftçi” 16, “Turan Tovuz” 13, “Qəbələ” 10, “Kəpəz” 8, “Səbail” 5, “Araz-Naxçıvan” isə 4 xalla bitirib.

Statistik göstəricilər onu deməyə əsas verir ki, 3-cü dövrə ilə müqayisədə “Qarabağ”, “Səbail”, “Araz-Naxçıvan” və “Kəpəz” komandaları 4-cü dövrədə zəif, “Zirə”, “Sumqayıt”, “Neftçi” və “Qəbələ” isə yaxşı çıxış ediblər. “Sabah” (18) və “Turan Tovuz” (13) hər iki dövrədə eyni sayda xal toplayıb.

Sonuncu dövrənin ən çox qələbə qazanan komandası “Zirə” və “Sabah” (6), ən çox heç-heçə edəni “Sumqayıt” (3), ən çox məğlubiyyət görəni isə “Araz-Naxçıvan” (7) olub.

4-cü dövrədə rəqib qapıçılarını ən çox məyus edən komanda “Qarabağ” olub. “Köhlən atlılar” 3-cü dövrədə olduğu kimi, yenə 26 dəfə fərqləniblər. Bu dövrənin ikinci ən məhsuldar komandası “Neftçi”dir – 17 qol. “Zirə” və “Turan Tovuz” hərəyə 12, “Sabah”, “Sumqayıt” və “Səbail” hərəyə 11, “Kəpəz” və “Qəbələ” hərəyə 10, “Araz-Naxçıvan” isə 4 dəfə qol sevinci yaşayıb.

Sonuncu dövrədə topu qapıdan ən az çıxaran komanda 3-cü dövrədə olduğu kimi, yenə “Zirə” olub. “Qartallar” bu dövrədə daha az – 4 qol buraxıblar. “Sumqayıt” 6 dəfə məyus olduğu halda, “Sabah” 8, “Neftçi” 11, “Qəbələ” 13, “Qarabağ” və “Araz-Naxçıvan” 14, “Turan Tovuz” 15, “Səbail” 19, “Kəpəz” isə 20 dəfə qapısında qol görüb. Çempion “Qarabağ”la mövsümü 9-cu pillədə tamamlayan “Araz-Naxçıvan”ın sonuncu dövrədə eyni sayda qol buraxması maraq çəkməyə bilməz.

18 oyuna 12 qol buraxan “Zirə”

İndi isə keçək 3 və 4-cü dövrələrin ümumi statistik göstəricilərinə. Qış fasiləsindən sonrakı 18 tur ərzində ən çox xalı “Qarabağ” yığıb. 13 görüşdə qələbə qazanan, 3-də isə heç-heçə edən ağdamlılar aktivlərinə 42 xal yazdırıblar. Siyahının 2-ci pilləsində 36 xalla “Sabah” qərarlaşıb. “Sumqayıt” 30 xalla ilk “3-lüy”ü tamamlayır. “Zirə” mövsümün ikinci yarısında ümumilikdə 29, “Neftçi” 28, “Turan Tovuz” 26, “Kəpəz” 21, “Səbail” 16, “Qəbələ” 12, “Araz-Naxçıvan” isə 10 xal toplayıb.

Sezonun ikinci yarısında ən çox qələbə qazanan komanda “Qarabağ” (13), ən az qalibiyyət görən “Araz-Naxçıvan” (2), ən çox heç-heçə edən “Sumqayıt” (6), ən çox uduzan isə “Araz-Naxçıvan” və “Qəbələ”dir (12).

3-cü və 4-cü dövrələrdə ən çox rəqib qapılarına yol tapan “Qarabağ” olub – 52 qol. Mövsümün ikinci yarısında ən məhsuldar ikinci komanda “Neftçi”dir – 30 qol. İlk “3-lüy”ü “Kəpəz” tamamlayıb – 28 qol. “Sabah” 25, “Turan Tovuz” və “Səbail” hərəyə 24, “Zirə” 20, “Sumqayıt” və “Qəbələ” hərəyə 18, “Araz-Naxçıvan” isə 11 dəfə qol sevinci yaşayıb.

Qış fasiləsindən sonra ən az qol buraxan komanda isə “Zirə” olub – 12 qol. 3 və 4-cü dövrələrdə ümumilikdə “Sumqayıt” 15, “Sabah” 18, “Qarabağ” və “Neftçi” hərəyə 23, “Turan Tovuz” 25, “Araz-Naxçıvan” 31, “Qəbələ” 32, “Səbail” 33, “Kəpəz” isə 36 dəfə mərkəzə dəvət edilib.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp