Birinci Liqada mübarizə aparacaq “İrəvan” bu gedişlə daim qalmaqalların mərkəzində olacaq. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, komanda yeni müqavilə imzaladığı 4 futbolçu ilə yolları ayırıb. Və bu addım narazılığa səbəb olub.

Ötən il Birinci Divizionda mübarizə aparmış bəzi oyunçularla razılığa gəlinsə də, sonradan baş məşqçi Elburs Məmmədov fikrini dəyişib. O, Premyer Liqada çıxış etmiş bir neçə futbolçu ilə anlaşdıqdan sonra heyətdə futbolçu sayının çox olduğunu bildirib.

Nəticədə Diviziondan gəlmiş oyunçularla müqavilələrə xitam verilib. Lakin oyunçular baş məşqçinin bu addımından narazı qalıb və ona etiraz ediblər.

Maraqlısı budur ki, klub rəhbərliyi həmin futbolçularla görüşərək onlara dəstək olub. Görünən odur ki, rəhbərlik etmək istədiyini baş məşqçinin vasitəsilə həyata keçirib günahlarını onların ayağına yazır. Və ya rəhbərlik və məşqçi arasında indidən fikir ayrılıqları var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp