Müsahibə
“Komanda daxilində sağlam rəqabət aparırıq”

“Sabah”ın müdafiəçisi Bəxtiyar Həsənalızadənin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 7-ci turunda “Turan Tovuz” üzərində heç də asan qələbə qazanmadınız (3:1). Oyunun belə çətin alınmasına nə səbəb oldu?
– Bəli, razıyam, oyun çox çətin keçdi. “Turan Tovuz” 10 nəfərlə qaldığı zaman hətta qapımıza qol da vurdu. Rəqib kompakt oynayan komanda idi. Bu da bizim işimizi bir qədər çətinləşdirirdi.
– 2:0 hesabından sonra rəqib uzun müddət azlıqda oynadı, hətta fərqi minimuma endirdi. Sanki komandada arxayınlıq yaranmışdı…
– Bu, futboldur, belə hallar istər-istəməz olur. İstənilən halda hesabda öndə olursan, rəqib 10 nəfərlə çıxış edir. Bir az arxayınlıq ola bilərdi. Amma bu halı aradan qaldıraraq qalib gəlməyə çalışdıq. Çox şükür, bunu bacardıq.
– Geridə qalan 7 turda 21 mümkün xaldan 16-sını toplamısınız. Bu nəticəni qənaətbəxş saymaq olar?
– Pis nəticə sayılmaz. Ancaq daha yaxşısını etmək olardı.
– “Qarabağ”a (3:4) uduzub, “Səbail”lə qolsuz bərabərə qaldınız. Hansı matçdakı xal itkisinə görə daha çox təəssüflənirsiniz?
– Düzdür, “Səbail”lə görüşdə xal itirdik. Lakin deməzdim ki, “Səbail” zəif komandadır. “Qarabağ”la oyuna gəldikdə, məncə, onlara qarşı yaxşı çıxış etdik. Fikrimcə, “Qarabağ”la qarşılaşma heç-heçə bitə bilərdi.
– “Qarabağ”la görüşdə bu mövsümün debütünü etdiniz, “Turan Tovuz”la oyunda isə ilk dəfə 90 dəqiqə meydanda oldunuz. Razısınız ki, oynamağa başladığınız bir vaxtda fasilənin yaranması sizin üçün heç də yerinə düşmədi?
– Düşünürəm ki, fasilə komandamız üçün düşərli olacaq. Həm zədəlilərimiz geri qayıda, həm də özüm fiziki hazırlığımı tam qaydaya sala bilərəm.
– Müdafiə xəttində əcnəbi futbolçularla rəqabət aparırsınız. Aranızdakı rəqabət və münasibət necədir?
– Əla münasibətimiz var. Komanda daxilində sağlam rəqabət aparırıq. Kim güclüdür, o da oynayacaq. Əsas komandanın nəticələridir.
– Bu mövsüm “Sabah”ın çempionluğa oynayacağı iddia edilir. Bu mübarizədə əsas rəqibləriniz olan “Qarabağ” və “Neftçi”ni qabaqlayacağınıza inanırsınız?
– Hazırda bu barədə düşünmürük. Yalnız növbəti matça köklənirik. Çempionatı yüksək pillədə tamamlamaq üçün sona kimi mübarizə aparacağıq.
CAVAD
