Layihə
Kütləvi idman peşəkarlıqla yanaşı xalqın sağlamlığı deməkdir

“Sağlam bədəndə sağlam ruh olar” deyiblər. Keçmişdən qalan deyim olsa da, günümüzdə öz reallığını itirməyib, hətta daha aktual xarakter alıb.
Texnologiyanın sürətlə inkişaf etdiyi zəmanəmizdə gənc nəsil getdikcə tənbəlləşir. Passiv həyata meyllilik, kompüter arxasında saatlarla “vaxt öldürmək”, smartfonların əldən düşməməsi böyük fəsadlara yol açır. Tək aktiv həyata, idmana münasibət dəyişməyib, insanlar artıq günü-gündən real yaşamdan, doğmalarla ünsiyyətdən, cəmiyyətdən uzaqlaşır, virtual aləm “aktiv həyat tərzinə” çevrilir.
İnsanların uşaq yaşlarından kökəlməyə meylli olmasıdı, artıq çəkidən irəli gələn müxtəlif xəstəliklər qlobal problemə çevrilib. Qarşısı erkən alınmayanda, dövlətlər sonda milyardlarla vəsait hesabına bunun fəsadlarını aradan qaldırmağa çalışır, amma cəhdlər heç də hər dəfə müsbət effekt vermir. Qlobal problemdir. Dövlətlərdə insanların iş qabiliyyəti aşağı düşür, sağlam genefond ciddi zərbə alır, fəsadlarını 10 illiklərlə aradan qaldırmaq olmur. Ən yaxşısı, belə halların kütləvi problemə çevrilməməsi üçün vaxtında tədbirlərin görülməsidir. Bunun ən vacib qollarından biri idmandır.
Çox vaxt idmanda kütləvillik peşəkarlığın kölgəsində qalır. Olimpiya, Avropa, dünya çempionatlarındakı qələbələr özünəinamı artırır, çempionlar uşaqlara nümunə olur, idmanın müxtəlif növləri ilə məşğul olmağa sövq edir. Bu nailiyyətləri qazananlar dünya miqyasında idmanla məşğul olanların 3-5 faizini təşkil edir. Yerdə qalan 95% idmanla məşğul olanlar isə hər bir xalqın sağlam böyüməsini, genefondunun qorunmasını təmin edir, gənclərin pis vərdişlərdən uzaq olmasını şərtləndirir, gələcək fəaliyyətlərində yığdıqları sağlam təməl müsbət rol oynayır.
Azərbaycanda son illər bu yöndə çox işlər görülüb. Müasir tələblərə cavab verən stadionlar inşa edilib, Bakıda, bölgələrimizdə onlarla Olimpiya Kompleksləri istifadəyə verilib. Bir çoxunun açılışında şəxsən cənab Prezident İlham Əliyev iştirak edib, gənclərə öz tövsiyyələrini verib. Dövlət səviyyəsində idmana belə münasibət təsadüfi deyil, ölkə rəhbəri eyni zamanda uzun illərdi həm də Milli Olimpiya Komitəsinin prezidentidir.
Azərbaycan xalqı dünyada ən gənc xalqlardan biridir. İdmanda kütləvilliyin təmin edilməsi də ən mühüm məsələlərdən biri kimi qarşıya vəzifə qoyulub. Xalqın özü idmana çox maraq göstərir. Müxtəlif idman növləri üzrə yüzminlərlə uşaq-yeniyetmələrimiz bölmələrdə idmanın sirlərinə yiyələnir, onların arasından olimpiya, dünya, qitə çempionlarımız yetişir.
Hər bir valideyn övladını çempion görmək istəyir. Xalqın qalıb ruhda böyüməsində, bu, önəmli məqamdır. Eyni zamanda, hər birimiz bilməliyik, dərk etməliyik ki, peşəkar səviyyəyə çatmaq böyük əziyyət tələb edir və idman növlərinə uyğun genetik, bioloji fundamentə söykənir. Bədən tərbiyəsi tək çempionluqlarla ölçülmür, elə həqiqətən də bədənin sağlam, həm fiziki, həm də zehni tərbiyəsi deməkdir. Bunu hər bir valideyn, məşqçi-müəllim, idman sahəsində çalışan məmur bilməlidir. Cəmiyyət arasında bunun dərk edilməsi üçün biz jurnalistlərin, medianın üzərinə böyük yük düşür.
Çox vaxt gündəmə, oxucu sayının çoxluğunun təmin olunması uyğun xəbərlərə, bəzən qalmaqallara üstünlük verilir. Yeniyetmələrimizin, gənclərimizin maariflənməsinə ehtiyac var, düzgün həyat tərzinin yaşamasının, idmanla məşğul olmalarının üstünlüyünün nələrdən ibarət olduğu dolğun şəkildə oxuculara çatdırılmalıdır. Bu yöndə idmanda olan insanlar da aktiv olmalı, maariflənməyə ciddi önəm verilməlidir.
Sirr deyil, gənclər arasında narkomaniya olmazın fəsadlar törədir. Bunun qarşısının alınmasının ən qısa yolu, gənclərin uşaq yaşlarından idmana cəlb olunması, sağlam inkişafıdır. Bunun üçün hər bir şərait yaradılıb. Bu gün qoyulan sağlam təməl, gələcəyin sağlamlığı, ailələrin, ümumilikdə dövlətimizin möhkəmliyi, daha böyük qələbələrin qazanılması, zirvələrin fəth edilməsi deməkdir. 44 günlük Vətən müharibəsində xüsusi təyinatlılarımız “sağlam bədəndə sağlam ruh olar” deyimini fiziki və zehni hazırlıqları ilə Şuşa səfərində əyani sübut etdi. Kütləvi idman peşəkarlıqla yanaşı xalqın sağlamlığı deməkdir.
ŞAHSUVAR
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

