Müsahibə
“Lex”dəki “tanış”: “Qarabağ” çox çətin rəqib oldu”
Bildiyiniz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının ilk təsnifat mərhələsində Polşanın “Lex” klubu ilə üz-üzə gələcək. Bu komandanın heyətində Azərbaycan futbol azarkeşlərinə tanış sima var. İki il ölkəmizdə legioner həyatı yaşamış gürcüstanlı yarımmüdafiəçi Nika Kvekveskiri “Qarabağ”a qarşı çıxış edəcək. Bu maraqlı dueldən öncə onunla söhbətləşmək qərarına gəldik. Kvekve futbolinfo.az-a müsahibəsində “Qarabağ”ın çətin rəqib olmasından, Bakıda keçirdiyi gözəl günlərdən danışıb:
- Çempionlar Liqasının ilk təsnifat mərhələsində “Qarabağ”la oynayacaqsız. Rəqibiniz haqqında düşüncələrin necədir?
- “Qarabağ” həqiqətən birinci mərhələ üçün çox çətin rəqib oldu. Deyə bilmərəm ki, onlarla düşməklə bizim bəxtimiz gətirdi. Çünki Azərbaycan təmsilçisi bu cür oyunlarda çox təcrübəlidir. Hər il avrokubokların qrup mərhələsində çıxış edirlər. Bizim aramızda həqiqətən maraqlı və gərgin döyüş olacaq.
- Püşkatmadan öncə düşünürdün ki, kaş ki, bizə “Qarabağ” düşməsin?
- Püşkatma şanlı və ya şanssız ola bilər. Buna görə də heç zaman püşkə baxmıram. Çünki bu məndən və ya komandamdan asılı olan amil deyil. Bu bir həqiqətdir ki, biz Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyiriksə, belə rəqiblərə qalib gəlməliyik. Təbii ki, “Qarabağ”ı şəxsən özüm üçün rəqib adlandırardım. Səbəb odur ki, bu komandanı yaxşı tanıyıram. Potensial rəqiblərimiz arasında ən güclü idi. Lakin mənim üçün daha bir maraqlı məqam var ki, Bakıya yenidən səfər edəcəm. Bu çox gözəl olacaq. Çünki Bakını sevirəm və 2 il ora mənim evim olub. Həqiqətən bu çox yaxşıdır.
- Buradan getdikdən sonra Azərbaycan Premyer Liqasını izləyirsən?
- Düzünü desəm, tam oyunlara baxmıram. Amma həmişə icmalları izləyirəm və mətbuatdakı xəbərləri oxuyuram. Çünki orada oynayan çoxlu dostlarım var. Həm də keçmiş komandalarıma baxıram.
- Keçmiş komanda yoldaşın Filip Ozobiç “Qarabağ”ın aparıcı üzvlərindəndir. “Qəbələ”də birlikdə oynadığın xorvatla nə danışmısan?
- Onunla kiçik bir söhbət etdik. Filiplə “Qəbələ”də gözəl günlər yaşamışıq və yaxşı xatirələrimiz var. Sadəcə bir-birimizə uğurlar arzuladıq. İkimiz də razılaşdıq ki, bizi yaxşı döyüş gözləyir.
- Bakıda keçmiş dostlarınla görüşməyi planlayırsan?
- Biz çox vacib oyun üçün Azərbaycan paytaxtına gələcəyik. Buna görə də təəssüf ki, görüş üçün vaxtım olmayacaq. Ümid edirəm ki, Bakıya sonuncu səfərim olmayacaq. Çünki həqiqətən maraqlı günlərim keçdiyi bu şəhərə hər zaman gəlmək istəyirəm.
- “Qarabağ”da çıxış edən həmyerlin Luka Quqeşaşvili ilə heç bir əlaqən yoxdur?
- Onunla yaxın dost deyilik. Sadəcə bir-birimizi tanıyırıq. Milli komandada birlikdə çıxış etmişik. Böyük gələcəyi olan qapıçıdır.
- Bu il “Lex” 100 illiyini qeyd edir və bildiyim qədər komandanın qarşısında Çempionlar Liqasında böyük hədəf qoyulub. “Qarabağ”a ilk mərhələdə uduzmaq faciə sayılmayacaq?
- “Qarabağ”a hörmətimiz var və dediyim kimi, biz bu komandanın nə qədər yaxşı olduğunu bilirik. Amma “Lex” kimin olmasından və hansı oyun olmasından asılı olmayaraq, hər dəfə meydançaya qələbə üçün çıxır və indi də eyni olacaq. Qrup mərhələsinə vəsiqə qazanmaq bizim hədəfimizdir. Biz bu ilin klub və azarkeşlərimiz üçün nə qədər xüsusi olduğunu bilirik və əlbəttə ki, onlara bayram etmək üçün daha bir səbəb vermək üçün hər şeyi edəcəyik.
CAVAD
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var