Dünya futbolu
Lionel Skaloni: “Komandaların hamısı finala yüksəlməyə layiqdir”
“Həmişə məşqdən sonra oyunçular penalti vurmaq üçün ayrıca çalışırlar. Amma oyunda topa yaxınlaşanda bu, lotereyadır” – bu sözləri Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2022-nin 1/4 finalında Niderlandla keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
Skaloni bu matçı həvəslə gözlədiklərini bildirib: “Bu oyunu izləmək çox xoş olacaq. Həm Argentina, həm də Niderland həmişə hücum etməyə çalışan komandadır. Yarışda qalan komandaların hər biri finala yüksəlməyə layiqdir”.
Baş məşqçi komandanın zədəli futbolçularının durumu haqda da danışıb: “Rodriqo de Paul yaxşıdır. Bugünkü məşqdə görək komandanı necə formalaşdıracağıq. Bu gün oyun sistemimizə əsasən qərar verəcəyik. De Paul və Di Mariya dünən məşq ediblər. Amma qarşıda komandanı görmək üçün hələ bir gün və məşq var”.
Sabah keçiriləcək Niderland – Argentina matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.