Dünya futbolu
Luis Enrike qalmaq istəyir
Luis Enrikenin İspaniya yığmasındakı taleyi barədə müxtəlif söz-söhbət dolaşır. Milli komanda ilə müqaviləsi başa çatan mütəxəssisin postunda qalması ehtimallardan biridir.
Düzdür, İspaniya mətbuatı onunla yolların ayrılacağı, yerinə Belçika millisindən ayrılan Roberto Martinesin təyinatı barədə yazır. Lakin bu məsələdə də fikir ayrılığı var. Hər iki məşqçi DÇ-2022-də əla heyətlə fiaskoya uğrayıb. Belədə bir uğursuzun digəri ilə əvəzlənməsindənsə, komandaya bələd olan Enrikenin qalmasının daha doğru olacağı ilə bağlı şərhlər üstünlük təşkil edir.
Martines vətəninin komandasından dəvət alıb-aılmaması ilə bağlı heç nə deməyib, Luis Enrike isə sakitləşmək üçün zamana ehtiyac duyur: “Hələlik ailəmlə vaxt keçirmək, bu stressi üzərimdən atmaq istəyirəm. Tələsik qərar vermək doğru deyil. Olanları analiz etməliyik, şok məğlubiyyətdən özümüzə gəlib irəli baxmalıyıq”.
Növbəti həftə İspaniya Futbol Federasiyasında Luis Rubialeslə müzakirə nəzərdə tutulub: “Biz nəyin doğru olduğunu müəyyənləşdirməliyik. Müqaviləm bitib, istənilən qərara hörmətlə yanaşacam. Əsas odur ki, İspaniya futbolunun gələcəyi üçün doğru qərar verilsin. Olanlardan dərs çıxarmalıyıq ki, təkrarlanmasın”.
Luis Enrike postunda qalmağı arzulayır: “Növbəti matçlara kimi kifayət qədər zaman var. Düzünü deyim – burada özümü çox rahat hiss edirəm. Rəhbərlikdən aldığım dəstəyi nəzərə alsaq, həyatım boyunca burada qalaram. Amma təkcə mənim istəyimlə heç nə həll olunmur, həm mənim, həm də federasiya üçün ən yaxşısına qərar verməliyik”.