Ölkə futbolu
Masazırdan “Zirə”yə görə imtina edilib
Azərbaycan kubokunun builki finalı Qəbələ stadionunda baş tutacaq. Artıq qərar verilib, mayın 27-də “Qarabağ”la “Zirə” bu şəhərdə titula sahib olmağa çalışacaq.
Adətən belə qərarlar mövsümün əvvəlində verilir, ən pis halda yeni mövsümün püşkü atılarkən iştirakçılar həlledici oyunu harada oynayacağını bilir. Bizdə isə qərar ötən həftə, finalçılar bəlli olduqdan sonra verildi.
Yarımfinalların cavab matçları baş tutmamış, “Futbolinfo” kubokun budəfəki finalının Masazırda baş tutacağını yazmışdı. Rəsmi xəbər deyildi, amma proseslərdən xəbərdar olduğumuzdan, bizdə olan bilgini paylaşmağı lazım bilmişdik. İnformasiyamız etibarlı mənbədən idi, “Bank Respublika Arena”nın rəhbərliyinə hazırlıq işlərinə başlamaq tapşırılmışdı, “CBC Sport” canlı yayın üçün hazırlığa start vermiş, təftiş aparmışdı.
Amma qərarın dəyişməsinə finalçıların kimliyi səbəb olub. Sən demə, AFFA rəhbərliyinin stadion seçimi buna əsaslanırmış. Finalda “Neftçi” ilə “Qarabağ”ın üz-üzə gələcəyi ehtimal edildiyindən bəlli azarkeş kütləsinə malik komandaların dueli Masazırdakı 13 min nəfərlik stadiona salınacaqmış. Lakin “Zirə” sürpriz edincə komandaları Qəbələyə göndərmək lazım bilinib. 4500 nəfərlik bölgə stadionunun seçilməsi bununla bağlıdı.
Peşəkar Futbol Liqası ekranda tribunaların dolu görünməsində maraqlıdı. “Qarabağ”ın müəyyən qədər azarkeşi var, “Neftçi” fanatları bacarardı, amma Masazırdakı arenanı doldurmaq üçün “Zirə”dən lazımi dəstək gəlməyəcək. Bu səbəbdən Qəbələni seçmək lazım bilinib – klubların müəyyən azarkeş dəstəyi olacaq, yerli azarkeşlər də ümumi fonu tamamlayacaq.