“Milliləşdirmə nəzərdə tutulmayıb” – bunu futbolinfo.az saytına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Samir Əliyev deyib.

U-21 yığmamızın çalışdırıcısı komandanın yoldaşlıq görüşlərində Macarıstan (0:3) və İsveçə (1:8) böyük hesabla məğlubiyyətinə baxmayaraq, bundan sonra milliləşməyə əl atılmayacağını söyləyib.

Əliyev yerli oyunçulara ümid bəsləyəcəklərini əlavə edib: “Əvvəllər milliləşdirmə var idi. İndi buna əl atmaq istəmirik. Düzdü, müdafiə xəttində problemlərimiz var. Ümidimiz hazırkı oyunçuların 1-ci Divizionda yox, Premyer Liqada əsas heyətdə möhkəmlənmələrinədir. Öncədən milliləşdirilən Mustafa Yıldırım var ki, onun xidmətindən yenə yararlanacağıq. Amma başqa ölkə nümayəndəsi çağırılmayacaq. Digər ölkələrdə təmiz azərbaycanlı tapılarsa, dəvət göndərərik. Ancaq kimisə çağırıb pasport vermək fikrimiz yoxdur”.

Qeyd edək ki, 2023-cü il fevralın 9-da U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq. İlk oyunlar isə mart ayına təsadüf edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp