Milli komanda
Milli komandaların baş məşqçiləri müəyyənləşdi: Əliyev iki yığmaya rəhbərlik edəcək
Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarının yeni baş məşqçiləri bəllidir. Bütün yığmaları yerli mütəxəssislərə tapşırmaq xətti tutan AFFA seçimlərini artıq edib.
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, U-17 Füzuli Məmmədova, U-18 Elxan Abdullayevə, U-19 Aqil Nəbiyevə, U-20 və U-21 isə Samir Əliyevə tapşırılacaq. 20 yaşadək futbolçulardan ibarət komanda üçün yarış olmadığından, bu kollektivin U-21-in çalışdırıcısına tapşırılması gözlənilən idi. Abdullayevlə Nəbiyev isə ötən il rəhbərlik etdikləri futbolçular daha yuxarı yaş qruplarına yüksəldiyi üçün onlar da komandalarını dəyişib.
Sözügedən məşqçilərin təyinatı AFFA İcraiyyə Komitəsində təsdiq olunmalıdır. Lakin qurumun iclası mart ayına nəzərdə tutulduğundan proses yubanacaq. Sözügedən millilər qarşıdakı yarışlara hazırlaşmaq üçün təlim-məşq toplanışına yığışmalı olduğundan, qurum belə bir qərar verib. Məşqçilər Komitəsinin tövsiyyəsi ilə seçilən bu məşqçilər yaxın günlərdə müvəqqəti olaraq əvəzləyici kimi təyinat alacaq, İcraiyyə Komitəsində isə təsdiqlənəcəklər.