Ölkə futbolu
“Neftçi” əcnəbi məşqçi axtarışına başladı
Çempionluq mübarizəsindən erkən qopması, kubokda finala çıxa bilməməsi “Neftçi”də dəyişikliklərin baş verəcəyini proqnozlaşdırmaq üçün kifayət idi. Klub rəhbərliyi hər nə qədər Samir Abasova dəstək versə də, hədəfdə məhz odur.
Yayda avrokubokların qrup mərhələsinə vəsiqə qazanılmaması Abasova bağışlandı. Uzun fasilədən sonra komandanın çempion olması bu qərarda mühüm rol oynadı. Hətta transfer siyasətindəki yanlışlıqlardan sonra da Abasova qarşı ciddi təzyiq yox idi. Lakin Samir bəyin son açıqlamaları vəziyyəti dəyişib.
Bu gün əldə etdiyimiz bilgiyə görə, klub rəhbərliyi əcnəbi məşqçi axtarışına start verib. Abasovun Qəbələdə azarkeşlər barədə dediklərindən sonra sözlərinə sərhəd qoymağı bacarmayan çalışdırıcı ilə bağlı səbr kasası daşıb. Klub nümayəndələri ən uyğun namizədi seçdikdən sonra danışıqlar başlayacaq.
Rəhbərlik futbolçuların formadan düşməsini, komandanın zəif oynamasını anlayışla qarşılamağa, yeni transferlərdən sonra problemlərin yayda həll olunması ümidiylə səbr etməyə çalışırdı. Lakin Abasovun növbəti yanlışı onlara dəyişiklik üçün bəhanə verib. Mövsüm bitən kimi “Neftçi”nin baş məşqçiylə vidalaşdığı rəsmən açıqlanacaq.