Milli komanda
Ötürmə “Neftçi”dən, qol “Qarabağ”dan: ardıcıl qələbələr eyforiyaya səbəb olmamalıdı

Ardıcıl 5 qələbədən sonuncusunu gözlənilməz, xoş sürpriz saymaq olar. Millətlər Liqasının son 3 oyunundakı uğurlardan yalnız Slovakiya zəfərinə təəccüblənmişdik. Amma o zaman da rəqibin turnir motivasiyası qalmadığından, Trnavada qələbə təəccüb doğurmamışdı. Zəif Belarus və qrup birinciliyin təmin edən Qazaxıstanla ev matçları isə gözlənilənin reallaşması idi.
Yığmamızın Moldovayla yoxlama oyunundakı qələbə də hələ heç nə demirdi. Rəqib çətin günlərini yaşayır, hətta bizim millidən də yaxşı deyillər. Lakin Şimali Makedoniyayla dünənki oyun artıq tərif demək üçün əsas verən matç idi. Yığmamız son nəticələrinə görə güclü saya biləcəyimiz rəqibi yaxşı oyunla məğlub etdi. Skopyedə rəqibin hesabı açmasından sonra bunu bacarmaq xüsusi qeyd edilməli məqamdı.
Düzdü, rəqibin azlıqda qalması işimizə yaradı. Rəqibin iki zərbəsinin tirdən qayıtması da matç günü bəxtin yanımızda olması demək idi. İstənilən halda, yüksək səviyyəli futbolçuları olan belə bir komandanı yenmək qiymətləndirilməlidi. Şimali Makedoniya son AÇ-nin iştirakçısı və İtaliyanı Qətərdəki mundialdan kənar qoyan komandadı.
Bəli, Canni de Byazini bəyənməyə bilərik. Albaniya millisini tarixində ilk dəfə böyük turnirə – Avropa çempionatına çıxaran məşqçi, Azərbaycanda tam fərqli işlər görürdü. DÇ-nin seçmə mərhələsində və Millətlər Liqasının ilk 3 matçında əcaib qərarları, yersiz eksperimentləri italiyalını gözdən salmışdı. Lakin o, nəhayət, doğru qərarlar verməyə, poyensialdan düzgün istifadə etməyə başlayıb. Yenə də yoxlama oyunlardakı qələbələr böyük xəyallara qapılmaq üçün kifayət deyil, amma ən azı komanda normal futbol oynamağa başlayıb.
De Byazini ultramüdafiə taktikasına, Lüksemburq millisinə Bakıda məğlubiyyətə görə qınayırdıq və haqlı idik. Nəticə çıxarıbsa, eyni səhvləri təkrar etmirsə, deməli, iradlarımız və tənqidlərimiz yersiz deyilmiş. Yenə ardıcıl matçlarda eyni heyəti meydana buraxması doğru deyil, seçmə mərhələyə hazırlaşmaq üçün daha fərqli heyətdən yararlanmalıdı. Lakin bu nüanslar qazanılan qələbənin kölgəsində unudulur.
Adətən qısa müddət ərzində ardıcıl keçirilən oyunlarda məşqçilər rotasiyaya əl atırsa, de Byazi demək olar ki, heyətlə bağlı dəyişikliyə yol vermədi. Doğrudu, bu heyət Millətlər Liqasındakı son 2 matçda formalaşmış heyət deyil. Yəni, Moldova ilə görüş də eksperimental “11-lik” idi. Amma görünən o oldu ki, italiyalı məşqçi Kişnyovdakı futbolçulara əl dəymədi. Yeganə dəyişiklik müdafiənin mərkəzində Anton Krivotsyukun yox, Bəhlul Mustafazadənin qərar tutmasından ibarət idi.
Ədalət naminə, Antonun Kişinyovda heç də pis oynamadığını vurğulamalıyıq. Sadəcə, Şimali Makedoniya millisi Moldova yığmasından daha güclü olduğundan bu dəfə müdafiənin mərkəzində daha etibarlı oyunçu qərarlaşmalı idi. Görünən o oldu ki, de Byazi riskə getmədi.
Rəqibin baş məqçisi Blaqoya Milevski isə Finlandiya ilə görüşlə müqayidə xeyli dəyişikliyə əl atmışdı. Qapıda “Rayo Valyekano”nun qapıçısı Stole Dimitriyevskini Kiprin “Doksa” klubunun üzvü Damyan Şişkovski əvəzləmişdi. Müdafiənin mərkəzində yenə Serafimovla Musliu yer almışdısa, cinahlar kökündən dəyişdirilmişdi. Sağda Beytulaini yarımmüdafiəçi Stefan Ristovski, solda Ezqyan Alioskini Stefan Aşkovski əvəzləmişdi. “Fənərbaxça”nın müdafiəçisi Alioskinin yoxluğu işimizi asanlaşdırdı.
Hücumla yarımmüdafiə arasındakı zonada Elif Elmasla Enis Bardi qalmışdısa, arxadan onlara Finlandiya ilə oyunda olduğu kimi, Boban Nikolov kömək edirdi. Hücumda yenə də İlya Nesterovski yer almışdı. Amma finlərlə oyunda meydanda olan Stefan Şpirovskini David Babunski heyətdən “sıxışdırmışdı”.
Moldova ilə görüşdə olduğu kimi, eyni dəst-xəttə sadiq qalan millimiz yenə prinsiplərindən əl çəkmədi. Doğrudur, matçın əvvəlində səviyyə fərqi hiss olundu. Yəni, Bardi, Elmas və Nesterovski kimi usta futbolçuların topla rəftarı başımızı döndərirdi. Məsələn, Moldova yığmasına qarşı boğucu pressinq tətbiq edib topu onlardan dərhal ala bilirdiksə, bu dəfə işlər qaydasında getmirdi. Hətta hakimin “ucuz” penalti qərarı ilə hesabda da geriyə düşdük. Di gəl ki, bu komandanın təşvişə düşməsinə səbəb olmadı.
Moldovanlarla oyunda olduğu kimi, yenə sol cinaha yüklənib rəqibin əsəbləri ilə oynadıq. Ardıcıl hücumlar və qol yenə bu cinahdan vuruldu. Emin Mahmudovun ötürməsini Elvin Cəfərquliyev tamamlayaraq millidə qol hesabını açdı. Bəli, de Byazi Qurban Qurbanovun taktikasını sözün yaxşı mənasında oğurlamağı bacarıbsa, futbolçu kimi kəşfi olan Elvinin bacarığından da məharətlə yararlana bildi.
İkinci hissədə rəqibin azlıqda qalması çörəyimizin üstünə yağ çəkdi. Bir qədər özünü itirən rəqib geri çəkilincə, bundan istifadə etməyi bacardıq. İkinci hissədə meydana çıxan Mahir Emreli bu dəfə komandanın gücünə güc qatdı. Zaqreb “Dinamo”sunun hücumçusu Kişinyovda fəallığı fonunda faydasızlığı ilə yadda qalmışdısa, bu dəfə Mahir yaxşı işlər gördü. Musa Qurbanlının fərqləndiyi epizodu da elə Mahir yaratdı. Onun qazandığı künc zərbəsini Emin Mahmudov Musaya ünvanladı ki, o da başla millidə ilk qolunu vurdu.
Oyunun bitiminə 15 dəqiqə qalmış Höccət Haqverdi adi epizodda qırmızı vərəqə alaraq rəqibə ümid versə də, millimiz yenə intizamdan qopmadı. Hərçənd top iki dəfə bizə acıyaraq tora yox, tirə dəydi. Amma sol cinahımız yenə maşın kimi işlədi. Matçın sonlarında Azər Salahlının ötürməsini Ramil Şeydayev başla qapıdan keçirdi. 3 qolun hamısında ötürmələr “Neftçi”nin, qollar “Qarabağ”ın oyunçularından gəldi.
Bu oyun həm də hava toplarında inkişaf etdiyimizi göstərdi. Artıq “yaralı” mövqelərimizə məlhəm qoya bilirik. Yalnız hücum planında sağ cinah bir qədər geri qalır. O da ilk hissədə belə idi. De Byazi israrla bu cinahda oynatdığı Ozan Can Kökcünü dəyişincə, daha sonra meydandan qovulan Höccəti başqa oyunçu əvəzləyincə komanda daha mobil, daha balanslı göründü.
Millimiz qələbələri sıralasa da, komandada xeyli problem var. Dünən rəqib azlıqda qalmasaydı, nəticənin necə olacağını proqnozlaşdırmaq çətindi. Belçika, İsveç və Avstriya bunu bizə bağışlamayacaq. AÇ-nin seçmə mərhələsində işimiz çətin olacaq.
ABBAS

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib